Hakimiyyətlə QHT-lər arasında yeni dialoq başlayıb. Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ölkənin bir çox fəal qeyri-hökumət təşkilatı rəhbərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə keçirdiyi onlayn görüş bu məqsədə xidmət edir.
O, bu görüşü QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı adlandırıb və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyini deyib.
“...bütün müstəvilərdə səslənən fikirlər Hikmət Hacıyevin diqqətinə çatdırıldı”
Görüşdə iştirak edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni onlayn tədbirin çox maraqlı, səmərəli və effektli keçdiyini dilə gətirdi: “Görüş olduqca maraqlı keçib, QHT-lərlə bağlı bütün məsələləri əhatə edib. Görüşdə çıxış edən Hikmət müəllim bildirdi ki, vətəndaş cəmiyyətinin tərəqqisi, beynəlxalq əlaqələri gücləndirməsi və milli maraqlarımızı dünyada müdafiə etməsi tələb olunan məqamlardır. Görüşdə iştirak və çıxış edən QHT nümayəndələri vətəndaş cəmiyyətinin bütün mövcud problemlərini diqqətə çatdırdılar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ayın 26-da baş tutan görüşdə Hikmət Hacıyev bir sıra ümidverici məqamlara toxunub: “Əslində, görüş canlı olmalıydı, amma pandemiyaya görə onlayn rejimdə keçirildi. Buna baxmayaraq, hər iştirakçıya fikirlərini bildirmək üçün imkan verildi. Hamı düşüncəsini sərbəst bəyan etdi. Vətəndaş cəmiyyətinin elə bir problemi qalmadı ki, orada qeyd olunmasın. Hüquqi bazanın təkmilləşdirilməsi, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, daimi ofislə təmin olunması, ictimai şuraların formasının dəyişdirilməsi və bütün müstəvilərdə səslənən fikirlər Hikmət Hacıyevin diqqətinə çatdırıldı. Sonda Hikmət müəllim bildirdi ki, dialoq müxtəlif sahələri əhatə edən qeyri-hökumət təşkilatları ilə daha geniş tərkibdə davam etdiriləcək. Həmçinin, vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət səviyyəsində nə lazımdırsa, ediləcəyinə dair də fikir bildirildi”.
Günel CƏLİLOVA