Ermənistan ordusunun general-mayoru, Qarabağ savaşı zamanı Azərbaycanın Şuşa şəhərinin işğal olunması ilə nəticələnən “Dağlarda toy” əməliyyatının rəhbəri Arkadi Ter-Tadevosyan yeni açıqlama verib.
Erməni mediasının yaydığı məlumata görə, general Tovuz istiqamətində iyulda baş verən döyüşlərin payızda Qarabağda təkrarlana biləcəyini deyib. Onun fikrincə, əməliyyatlar yenidən başlasa, Ermənistan ordusu üçün çətin olacaq: “Düşünürəm ki, hər şey Rusiyanın özünü necə aparmasından asılı olacaq. Pis olan odur ki, biz çətin vəziyyətə düşəndə başqalarını ittiham edirik, ruslar bunu etmədi, onu etmədi və s. Amma biz özümüz də səhv edirik və bu barədə susuruq. Bəli, Rusiya var və get-gedə biz ondan uzaqlaşırıq. Qarabağda növbəti hərbi addımlar oktyabr-noyabr aylarında atıla bilər. Əməliyyat başlasa, bizim üçün çətin olacaq”.
Onun bu etirafı, əslində, Ermənistan ordusunun zəifliyinə, acizliyinə, bir növ, işarədir. Hər halda, bunu təcrübəli bir hərbçi deyir. Nəzərə almaq lazımdır ki, Ter-Tadevosyan sıradan bir adam deyil. O, peşəkar hərbçi olmaqla yanaşı, Qarabağ döyüşlərində fəal iştirak edib. Bu baxımdan, erməni ordusunun gücünə bələddir.
“Erməni generalın narahatlığı...”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu, Ermənistan ordusunda ciddi problemlərin olmasından xəbər verir: “Məsələ ondadır ki, Arkadi Ter-Tadevosyan kifayət qədər təcrübəli hərbçidir və Dağlıq Qarabağın işğal olunmasında fəal rol oynayıb. Qarabağın relyefini, hərbi əməliyyatların keçirilmə şəraitini, hücumun hansı formada təşkil olunma imkanlarını yaxşı bilir. Ter-Tadevosyanın məlum açıqlaması nə deməkdir? Bu o deməkdir ki, erməni genaralı dolayısı ilə Ermənistan ordusundakı vəziyyəti göstərməyə çalışıb. Bu həm də o deməkdir ki, döyüş bacarığı olan peşəkar hərbçilər Ermənistan ordusunda xidmətdə deyil. Çünki 2016-cı ilin Aprel döyüşlərindən və 2018-ci ildə Paşinyan hakimiyyət başına gələndən sonra Ermənistan ordusunda döyüş təcrübəsi olan yüksək rütbəli hərbçilər vəzifələrindən uzaqlaşdırıldılar. Belə ki, Seyran Ohanyan və onun komandası Müdafiə Nazirliyinin rəhbərliyindən uzaqlaşdırıldı. Bir sıra keçmiş döyüşçülər təqaüdə göndərildilər. Bununla Ter-Tadevosyan işarə edir ki, Ermənistan ordusunda ciddi boşluq var. Bu da erməni ordusunun müharibə aparmaq imkanlarının aşağı düşməsindən xəbər verir. Müharibə yenidən başlasa, Ermənistan ordusu üçün çətin olacaq. Çətin olacaq o deməkdir ki, döyüşü apara biləcək peşəkar hərbçilərlə bağlı problem var. Söhbət silah və texnikanın imkanlarından getmir. Dünya tarixinə nəzər salsaq görərik ki, silah və hərbi texnikası güclü olan dövlətlər heç də hər zaman qalib gəlmirlər. Əsas vacib amil hərbçilərin döyüş bacarığı və müharibədə göstərdikləri vətənpərvərliklə bağlıdır. Bu gün sözügedən prinsiplərə cavab verən hərbçilər Ermənistan ordusunda yox səviyyəsindədir. Erməni generalın narahatlığı əsasən bunlarla bağlıdır”.
Hərbi ekspertin fikrincə, müharibə başlasa, erməni ordusu çox duruş gətirə bilməz.
Vidadi ORDAHALLI