Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk rəsmi səfərindən sonra şimal qonşumuzun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe sərgiləyəcəyi yenidən əsas müzakirə predmetlərindən birinə çevrilib. Xatırladaq ki, bu səfər Tovuzda sərhədyanı konfliktin gərginləşməsindən sonra gerçəkləşdi. Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindəki təxribatından sonra Rusiyadan üçüncü ölkələr vasitəsilə Ermənistana hərbi yüklərin daşınması haqqında məlumatlar, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı rusiyalı həmkarına zəng etməsi də məsələnin maraq doğuran tərəflərindəndir.
Media və ekspertlər səviyyəsində səslənən fikirlərdən belə bəlli olur ki, Bakı, əslində Moskvadan istədiklərini alıb. Məsələn, elə Qarabağ məsələsi ilə bağlı. Rusiya xarici işlər naziri Sergey Lavrov bu xüsusda maraqlı açıqlamalar verdi:“Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir. Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xatrinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”. Elə uzun illər Azərbaycan tərəfinin də istədiyi məhz budur. Danışıqlar substantiv olmalı, imitasiya üçün aparılmamalıdır. Bunu Lavrov da etiraf etdi. Rusiyalı politoloq Yevgeni Mixaylov isə məsələnin digər önəmli tərəfinə də diqqət çəkir:“Sergey Lavrov ölkələrimiz arasında bir çox məsələlərə dair tam anlaşma olduğunu bildirərək, Azərbaycanda rus mədəniyyətinə dəyər verildiyinə, böyük rusdilli diaspor dəstəkləndiyinə görə Ceyhun Bayramova təşəkkür edib. Halbuki, məsələn, Ermənistanda son vaxtlar qatı rusofob təbliğatı baş alıb gedir”. Politoloqun fikrincə, Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi sözügedən ölkələr arasında irimiqyaslı siyasi və iqtisadi layihələrlə bağlı müntəzəm məsləhətləşmələrin aparıldığını göstərir: “Bu yerdə dövlətlərarsı tərəfdaşlıq əlaqələrinin güclənməsinə təkan verən irimiqyaslı yol xəritələrinin hazırlanması da yada düşür”. Onun sözlərinə görə, indi 30 ildən çoxdur Azərbaycanın başlıca problemi olan, eyni zamanda Moskvanı da narahat edən Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu xatırlanıb:“Lavrov bu problemin həlli üçün Rusiyanın bundan sonra da səy göstərəcəyini, münaqişəni bütövlükdə yoluna qoymaq üçün əlindən gələni edəcəyini bir daha təsdiqləyib. Ermənistan tərəfinin iftiralarına baxmayaraq, Lavrov bundan əvvəl məhz Ermənistanın atdığı addımlar nəticəsində Azərbaycanın Tovuz rayonunda hərbi toqquşmaların baş verdiyini əslində etiraf edərək, Ermənistanın beynəlxalq mövqeyini xeyli sarsıtdı. Moskva əvvəllər də İrəvanın ipini çəkərək Dağlıq Qarabağ münaqişəsini həm beynəlxalq birliyin, həm də münaqişə tərəflərinin razılığı çərçivəsində həll etmək əzmini ortaya qoyub. İrəvanın danışıqlarda mövqeyi zəifdir, əsaslı dəlilləri yoxdur. Odur ki, tezliklə Qarabağ tarixi mənsubiyyətini bərpa edəcək və həmin proses bu cür görüşlər sayəsində daha da sürətlənəcək”.
Rusiyanın məhşur “Kommersant” qəzeti də Ceyhun Bayramovun Moskva səfərində Bakının istəklərinə nail olduğunu yazır:“Həqiqi müharibə təhlükəsi yaradan Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın kəskinləşməsi kontekstində səfərin əsas mövzusu sərhəddə gərginliyin azaldılması yolları və ATƏT-in Minsk Qrupunun himayəsi altında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bərpası idi. Mətbuat konfransı zamanı cənab Bayramov ən sərt ritorikadan istifadə edərək, Ermənistanı ölkəsinin 20% ərazisini işğal etməkdə günahlandırıb. Danışıqlar ərəfəsində Ceyhun Bayramov TASS-a geniş müsahibə verib, o, yalnız Moskvaya olan sevgisindən danışmayıb, həm də Rusiya ilə strateji tərəfdaşlığa əlavə dinamizm vermək və Ermənistanla münaqişəyə yeni həll yolları axtarmaq üçün Rusiya paytaxtına gəldiyini açıq şəkildə bildirib. Digər tərəfdən, Prezident İlham Əliyevin Bakının diplomatiyasını daha hücum xarakterli etmə barədə qarşıya qoyduğu vəzifəni başa düşdüyünü cənab Bayramov artıq Sergey Lavrovla son mətbuat konfransında nümayiş etdirib. Azərbaycan naziri yekun nitqində tələsmədən, sakit tərzdə Dağlıq Qarabağdakı münaqişənin səbəbləri barədə danışarkən bir neçə güclü bəyanat verib, həmçinin 12 iyul gərginliyi zamanı Ermənistan-Azərbaycan sərhədində baş verənlər barədə öz versiyasını açıqlayıb. Ceyhun Bayramovun nitqinin intonasiyası və tərzi sələfi Elmar Məmmədyarovun daha diplomatik və düzəlişli formulaları ilə müqayisədə nisbətən sərt və emosional ahəngli idi. Diplomatik nəzakəti bir kənara ataraq, Azərbaycanın yeni Xarici işlər naziri Ermənistanın yalnız ölkə ərazisinin 20%-ini işğal etmədiyini, həm də bu əraziləri qonşu bölgələrdən olan etnik ermənilərlə fəal şəkildə doldurduğunu açıqlayıb, deyib ki bu, “sülh prosesinə xələl gətirib”. Bundan əlavə, Ceyhun Bayramov birbaşa Ermənistanın hazırkı rəhbərliyini “ölkə daxilində artan problemlərdən diqqəti yayındırmaq üçün planlaşdırılmış təxribatlarla” Azərbaycanla sərhəddə gərginliyi qoruyub saxlamağa çalışmaqda günahlandırıb. Rusiyanın “Moskva-Bakı” informasiya portalının Qarabağ münaqişəsinin nizamlanması perspektivləri ilə bağlı sualını cavablandıran Ceyhun Bayramov rəhbərlik etdiyi qurumun “prosesin imitasiyasına deyil, real danışıqlara ehtiyacı olduğunu” söyləyib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə qəbul edilmiş 4 qətnaməsinin, xüsusən də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qaçqın probleminin həllini təmin edən qərarlarının icrasını əsas vəzifə adlandırıb. Sergey Lavrov deyib: “Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq danışmalı olduğumuzla razıyam”. Onun fikrincə, “danışıqlar naminə danışıqlara” heç kimin ehtiyacı yoxdur. Elə Bakının da istədiyi budur”. Qəzetin bu yazdıqlarından bir daha bəlli olur ki, Azərbaycan Rusiyadan diplomatik müstəvidə istədiklərini alır və bu da olduqca mühümdür.
Nahid SALAYEV