Hərb müstəvisində Azərbaycanın işğalçı Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması son 4 ildə düşmənlə baş tutan nisbətən irimiqyaslı döyüşlər timsalında əyani təsdiqini tapıb.
2016-cı ilin aprel, 2018-ci ilin Günnüt, cari ilin Tovuz döyüşləri qeyd edilənlərin real nümunəsidir. İndi Ermənistanın özündə də Azərbaycanın hərbi gücü ilə bağlı etiraflar çoxalmaqdadır.
Erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur
Azərbaycanın hərbi gücünü etiraf edənlər sırasında erməni cəmiyyətinin çoxsaylı üzvləri ilə yanaşı, hərbçiləri də yer alır. Bu xüsusda Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyanın açıqlamaları ayrıca diqqət cəlb edir. Xatırladaq ki, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, 1989-cu il təvəllüdlü baş leytenant Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıb. Alaverdyan Ermənistan Silahlı Qüvvələrində qulluq etdiyini və kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini etiraf edib:“Ermənistan silahlı qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm. Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan silahlı qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”.
O qeyd edib ki, saxlandıqdan sonra, təsəvvürlərinin tam əksinə olaraq, ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb:“Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”. Kifayət qədər maraqlı etiraf olmaqla yanaşı, qeyd edilənlər Azərbaycanın hərbi müstəvidə Ermənistandan dəfələrlə üstün olmasının da açıq etirafıdır. Elə bu səbəbdən cəbhədə və sərhəddə vəziyyət kəskinləşən kimi Ermənistan dərhal duruma müdaxilə etməsi üçün Rusiyaya yalvarır. Hərb müstəvisində düşmən ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü təsdiq edən daha bir mühüm məqam isə burada əsgər çatışmazlığı probleminin həlli üçün yenidən könüllü dəstələr yaradılması məsələsinin aktuallaşmasıdır.
Əsgər çatışmazlığını Ermənistan könüllülər hesabına həll etmək istəyir...
Azərbaycanla hər dəfə hansısa ciddi toqquşma olanda Ermənistanda dərhal səfərbərlik elan olunur. Halbuki, Azərbaycan indiyə qədər belə toqquşmalara ordunun yalnız az bir hissəsini cəlb edib. Amma Ermənistanda vəziyyət fərqlidir və ağır demoqrafik durum səbəbindən burada hərbçı çatışmazlığı getdikcə kəskin xarakter alır. Yaranmış vəziyyətdə məsələnin həlli üçün Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.
“Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunub. Layihəyə görə, yığma qoşun Ermənistana hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məsələ ilə bağlı bildirib:“Qanun layihəsinin təqdim olunması Ermənistanın müdafiəsinə ümumi və ümummilli xarakter vermək, rəqibin istənilən mümkün təcavüzlərinə layiqli və lazımi əks-zərbə vurmaq məqsədilə vətəndaşların könüllülük prinsipi ilə xalq ordusu sisteminə cəlb olunması və təşkil olunma zərurətindən irəli gəlir”. Parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olan deputat, “Yerkrap” könüllülər birliyinin sədri Sasun Mikaelyan “Radio Azatutyun”a müsahibəsində deyib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur:“Hərbçilər bunu müzakirə edirlər. Ancaq bir il deyil, çoxdan müzakirə olunur və həyata keçirilməlidir. Biz Ermənistanla münasibətlərində problemlər olan ölkələrlə əhatələnmişik. Qeyri-nizami ordu 10 min, yaxud 20-70 min nəfər demək deyil, bu orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Biz həmişə hazır olmalıyıq, bunu həmişə demişəm, bir də təkrar edirəm”. “Ermənistanın silahlı qüvvələri yetərli deyilmi” sualını hakim fraksiya üzvü belə cavablandırıb:“Türkiyənin son fəaliyyətini yaddan çıxarmayın. Son təlimlər və Ankaranın rəsmi açıqlamaları ilə Türkiyə Azərbaycanla bağlı necə bir hazırlıq ifadə elədi. Bu o demək deyil ki, bizim Silahlı Qüvvələrimiz döyüş qabiliyyətli deyil, hazır deyillər, ancaq bizdə qeyri-nizami qoşun olmalıdır, çünki, Allah eləməsin, buna oxşar nəsə baş versə, ordu lazımdır”.
Yayılan məlumatlardan belə bəlli olur ki, Ermənistanda təqdim olunan layihədə könüllülərin adına silah və forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmrilə təyin olunacaq. Amma belə könüllülərin ilk növbədə Ermənistan daxilində ciddi problem yaradacağına dair fikirlər də səslənir. Məsələn, qeyd edilir ki, onlar silahla gəzərək ətrafdakılara təhlükə yaradacaq. Amma Sasun Mikaelyan könüllülərin ətrafdakılara təhlükə yaradacağı fikrilə razı deyil. “Silahlar xüsusi yerdə saxlanacaq, lazım gələndə oradan götürüləcək. Yəni səfərbərlik elan olunanadək bizdə hazır adamlar olacaq ki, haraya gedib nə etməli olacaqlarını biləcəklər”. Buna rəğmən, hüquq müdafiəçisi Nina Karapetyants əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən əlavə daha bir silahlı struktur lazım deyil:“Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah İrəvanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”. Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar struktur olan “Yerkrap” könüllülər birliyinin hərəkətlərini yada salır:“Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər”. Erməni mediası da yazır ki, könüllü dəstələr hansısa qrupum marağı üçün gücdən istifadə edəcək və bu da ölkədə xaosu daha da dərinləşdirəcək. “Yerkrap” bunun ən əyani təsdiqidir. Xatırladaq ki, “Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoriyan rəhbərlik edirdi. O, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb və böyük soyğunçuluq cinayətləri həyata keçirdiyi üzə çıxıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu birliyin idarə heyətinin ayrı-ayrı üzvlərinin vaxtilə Ermənistanda siyasi proseslərə müdaxilə etməsi məlumdur.
Düşmən könüllülərin ümidinə qalsa da, istədiyi nəticəni əldə etməyəcəyini özü də bilir...
1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycanın güclü bir orduya malik olması fonunda ekspertlər hesab edir ki, Ermənistanda könüllülər ordusuna yazılanların sayı az olacaq. Digər tərəfdən, 2016-cı ilin aprelində belə könüllülərin ordumuz tərəfindən necə darmadağın edilməsi də ermənilərin yadından çıxmayıb. Bu səbəbdəndir ki, ötən ay baş tutan Tovuz döyüşlərindən sonra erməni ordusuna heç bir könüllü axını olmadı. Halbuki, ehtiyac olmadığı halda Azərbaycanda belə insanların sayı yüz minlərlə ölçülürdü.
Belə vəziyyətdə məlumdur ki, Ermənistan rəhbərliyi könüllü silahlı qüvvələr toplamaqla da əsgəri problemlərinin, o cümlədən hərbçı çatışmazlığı kimi kritik bir məsələnin həllinə nail ola bilməyəcək. Əksinə, Dağlıq Qarabağ münaqişəsinin həlli hərb müstəvisinə keçəcəyi təqdirdə Ermənistanın istər nizami ordusu, istərsə də könüllüləri qısa zamanda Silahlı Qüvvələrimiz tərəfindən darmadağın ediləcək. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, könüllülər məsələsinin yenidən gündəmə gəlməsi erməni ordusunda hərbçi çatışmazlığının daha bir təsdiqdir. Miqrasiya, demoqrafiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, zabit qıtlığı problemi ilə daha kəskin şəkildə üzləşəcəyi qaçılmaz sayılır və bunu ölkə rəhbərliyi də yaxşı sezir. Elə təkcə rəsmi rəqəmlərə görə, Ermənistan əhalisi son 30 il ərzində 800 min nəfər azalıb. Reallıqda isə bu rəqəmin ən azı 2 dəfə çox olduğu, ölkədə yaşayan real əhalinin sayının heç 2 milyona belə çatmadığı da məlum həqiqətdir. Yenə rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Özü də Ermənistanda qalan kişilərin əksəriyyəti hərbi xidmət üçün yaş və digər parametrlər baxımından yararlı deyil. Bu səbəbdən məsələnin həlli üçün könüllülər birliyi layihəsi ortaya atılıb. Ancaq bu da ermənilər üçün çıxış yolu deyil və Qarabağ probleminin hərbi həlli zamanı düşmən bir daha buna əmin olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.