Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün işğal olunmuş Dağlıq Qarabağa, Şuşaya köçüb. Bu barədə Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat xidmətinin rəhbəri Zare Sinanyan məlumat verib: "Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün Qarabağa köçüb".
Bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər. Xatırladaq ki, ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş ölkə olaraq qanunsuz fəaliyyətini, o cümlədən işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirməsi barədə bəyanat yaymışdı. Beləliklə, "Azərkosmos" ASC-nin "Azersky" peyki vasitəsilə aparılan monitorinqlər nəticəsində işğal altında olan Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib. Göründüyü kimi, separatçı rejim Ermənistanın dəstəyi ilə işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşmanı təmin etməyə başlayıb. Bu qanunsuzluğa ATƏT-in həmsədrləri niyə susur?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın zəbt edilmiş ərazilərində yenidən qanunsuz məskunlaşdırma siyasətinə start verməklə işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi həllində maraqlı olduğunu ifadə edir:“Suriyadan sonra Livan ermənilərinin bir qisminin işğal altındakı ərazilərdə yerləşdirilməsi istiqamətində atılan addımlar da artıq Qarabağ məsələsində başqa həll yolunu mümkünsüz hala gətirir. Çünki Ermənistan işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla sülh yolu ilə əraziləri Azərbaycana qaytarmaq niyyətində olmadığını meydana qoyur. Artıq Livandan erməni ailələrinin köçürülmə prosesinə start verildiyini Ermənistanın rəsmi dairələri də təsdiqləyir. Livanda baş verən partlayışdan sonra Ermənistan Xarici İşlər Nazirliyi qarşıdakı dövr ərzində daha çox sayda erməninin gəlişini təmin edəcəklərini açıqlamışdı. Həmin vaxt baş nazir yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirmişdi ki, xeyli sayda Livan ermənisi ölkəyə qayıtmaq (!) niyyətindədir. Görünən budur ki, partlayışdan bəhanə kimi istifadə edərək, Qarabağda kütləvi şəkildə yerləşməyi planlaşdırırlar. Onların məqsədi Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Uzun müddətdir ki, Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilir. Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı Bakının narazılığı isə artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Bəllidir ki, Livanda baş verən partlayışdan zərər çəkən erməniləri, köçəcəkləri halda, Dağlıq Qarabağda daha böyük fəlakət gözləyəcək. Beyrutdakı partlayışın fəsadları aradan qaldırılacaq, lakin Dağlıq Qarabağda hər an müharibə başlaya bilər. Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu. Ermənilər özləri də etiraf edir ki, işğal edilmiş əraziləri birbaşa Ermənistana birləşdirmək gücündə deyillər. İlk növbədə bu planın reallaşması iqtisadi və demoqrafik baxımdan mümkün deyil. Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirilməsi yönündə təşəbbüs göstərib. İrəvanın bu addımları həm də onların nə dərəcədə çarəsiz olduğunu göstərir. Çünki yerli əhali ölkəni sürətlə tərk etməkdədir. Bu mənada, düşmən ölkə təbliğat yolu ilə buraya xaricdə yaşayan erməniləri cəlb etməyə məhkumdur. İstənilən halda, bu prosesin qarşısı alınmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələdə laqeyidliyi isə onların öz səlahiyyətlərini icra etməkdə maraqlı olmadığını təsdiqləyir. Bu qanunsuz prosesə ilk reaksiyanı onlar verməlidir. Azərbaycan bu prosesi daima diqqətdə saxlamalı və bütün lazımi instansiyalara müraciət etməlidir ki, qanunsuz məskunlaşmanın qarşısı alınsın”.
Nəzarətsiz ərazilərdə ermənilərin istədikləri qanunsuzluqla məşğul olmaları onların bütün beynəlxalq qanunlara məhəl qoymadığını bir daha təsdiqləyir.
Məhəmmədəli QƏRİBLİ