Bu gün Paşinyan hakimiyyəti Kim Kardaşyanın ümidinə qalıb. Uzun müddət idi ortalıqda görünməyən Kardaşyan bir neçə həftə əvvəl pandemiya girdabında “can verən” Ermənistanda koronavirusla mübarizə aparılmasına yardım üçün sosial şəbəkələrdə ianə kampaniyasına başlamaqla və qazandığı 7 milyon dollarla yenidən ortaya çıxdı.
Ermənistanın Azərbaycana qarşı son təxribatlarından sonra Kim Kardaşyan Azərbaycana qarşı sosial şəbəkələrdə müxtəlif cür təxribat kampaniyaları aparmağa, internet üzərindən “Azərbaycan işğalçı və təcavüzkardır” adlı təbliğata başlayıb. Bütün dünya üzrə sosial şəbəkə üzərindən 179 milyon izləyicisi olan Kardaşyan Azərbaycanı “təcavüzkar dövlət” kimi təqdim edir. Hətta o bəyan edib ki, gələn həftədən ABŞ və digər ölkələrdə Azərbaycanın “təcavüzkar” dövlət kimi tanınması üçün petisiya keçirəcək. Kardaşyanın bu təxribatının qarşısının alınması üçün xaricdə yaşayan soydaşlarımız nə etməlidir? Bütövlükdə, xalq olaraq bu təxribatı necə əngəlləyə bilərik?
“Kim Kardaşyan ölkəmizə qarşı təxribatı özbaşına həyata keçirmir, ona “ilham verən” erməni lobbisidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli baki-xeber.com-a bildirdi ki, döyüş təkcə silahla cəbhədə getmir, bütün sahələrdə, xüsusən də informasiya sahəsində gedir. “Kim Kardaşyan ölkəmizə qarşı təxribatı özbaşına həyata keçirmir, ona “ilham verən” erməni lobbisidir. Xaricdəki erməni lobbisinin təxribatçı hücumlarına qarşı xarici ölkələrdəki Azərbaycan diaspor qurumları, Diaspor üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və səfirliklər birgə mübarizə aparmalıdır. Nə üçün? Uzun illərdir ki, xarici ölkələrdə erməni diasporu, lobbisi formalaşıb, bizdə isə diaspor quruculuğuna son illərdə başlanılıb. Digər tərəfdən, diasporun formalaşması üçün böyük sərmayələr lazımdı və bu sərmayəni də bütövlükdə hamımızın gücü ilə ortaya qoymalıyıq. Bu gün erməni təxribatının, eləcə də Kardaşyanın Azərbaycanı “təcavüzkar dövlət” kimi təqdim etmək məqsədilə həyata keçirdiyi anti-Azərbaycan kampaniyasının qarşısının alınması üçün hər birimiz, xüsusən də gənclərimiz aktiv olmalıdır”.
B.Qəmbərlinin fikrincə, Diaspor Komitəsi xaricdəki Azərbaycan icmalarını informasiyalarla təmin etməklə yanaşı, həm də onların daha güclü şəkildə təşkilatlanmasına dəstək verməli, yardım göstərməlidir.
“Kardaşyanlar, eləcə də erməni lobbisi nə qədər bizi qaralamaq istəsələr də, nəticəsiz qalacaq. Çünki bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar hansı dövlətin təcavüzkar, işğalçı olduğunu yaxşı bilir. Bizim bir atalar sözümüz var:”Haqq nazilər, üzülməz”. Erməni diasporunun bütün fitnə-fəsadlarına, Kardaşyan kimilərini ortaya salmasına baxmayaraq, haqlı tərəf olduğumuz üçün informasiya müharibəsində də birmənalı olaraq qalib gələcəyik. Onu da deyim ki, informasiya müharibəsində daha tez qalib olmağımız və ermənilərin zərərli təbliğatlarını tam olaraq iflasa uğratmağımız üçün türk dövlətlərinin gücündən də istifadə etməliyik. Bilirik ki, onlar da bizə həmişə dəstək verirlər”-deyə B.Qəmbərli vurğuladı.
İradə SARIYEVA