Bildiyimiz kimi, iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən ordumuza dəstək olmaq istəyənlərin qeydiyyatda olduqları rayon üzrə Səfərbərlik Xidmətinə müraciət etmələri tövsiyə edilmişdi. Bundan ruhlanan xalqımız bu çağırışa qoşularaq, 2 gün ərzində 10 minə yaxın insan artıq müraciət edib.
Dövlət başçısının bu müraciətinə Kəlbəcər rayon Mollabayramlı kənd ağsaqqalları və ziyalılar da qoşularaq, kənd sakinlərindən bu məsələdə aktivlik nümayiş etdirməyi xahiş ediblər. Kəndin gəncləri və yaşı əlliyə qədər olan nümayəndələrindən artıq 100-ə yaxın insan elektron müraciət edərək könüllü şəkildə Qarabağın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirib. Kənd ziyalılarından olan Qarabağa Qayıdış İctimai Birliyinin sədri Vaqif İsmayıl baki-xeber.com-a bildirdi ki, artıq gənclərlə birlikdə, hətta kəndin ağsaqqalları da Prezidentin bu çağırışına dəstək olaraq Səfərbərlik xidmətinə müraciət etmək üçün ərizə yazıblar. Yaşı 50-dən yuxarı kənd sakinləri elektron qeydiyyatdan keçə bilmədikləri üçün yazılı ərizəni poçt vasitəsilə göndərəcəklərini bildirirlər.
İradə SARIYEVA