“Bəzi səfirlər statusundan istifadə edərək qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğul olur”
“Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşır, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər”.
Bunu Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici işlər naziri təyin olunması ilə əlaqədar online qəbul edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır: “Səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşır, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər, əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyəti təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır”.
Prezident onu da qeyd edib ki, xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır:“Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar”.
Həqiqətən də bu sahədə müəyyən problemlər mövcuddur. Azərbaycanı xaricdə təmsil edən diplomatlar yetərincə öz işlərini görmür.
“Təəssüf ki, diplomatlar, yüksək maaş almalarına rəğmən, öz işlərinə məsuliyyətlə yanaşmırlar”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Prezidentin səfirliklərin fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər tamamilə reallığı əks etdirir:“Həqiqətən də xarici ölkələrdəki səfirliklərimizdə fəaliyyət göstərən diplomatlarımızın işində nöqsanlar var. Bir sıra səfirliklərin işinin səmərəlilik əmsalı çox aşağıdır. Diplomatlar öz işlərində arzuedilən aktivliyi göstərmir. Xaricdəki dairələrlə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində işləmirlər. Baxmayaraq ki, bu çox vacib məsələdir. Təəssüf ki, diplomatlar, yüksək maaş almalarına rəğmən, öz işlərinə məsuliyyətlə yanaşmırlar. Ölkənin milli maraqlarına gözucu baxırlar. Doğru zamanda, doğru məkanda adekvat diplomatik fəaliyyət ortaya qoymurlar. Baxmayaraq ki, onlar buna görə çox yüksək məvacib alırlar. Ən başlıca nöqsanlardan biri budur. Bəzi səfirlər statusundan istifadə edərək qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğul olur. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət edilməlidir. Təbii ki, bu cür diplomatlar ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə edə bilməz. Hesab edirəm ki, bütün bunlar ciddi təhlil olunmalıdır. Yeni xarici işlər naziri milli və dövlət mövqeyindən çıxış edən, peşəkar diplomatları önə çəkməlidir. Yalnız o zaman biz bu sahədə uğurlar əldə edə bilərik”.
Ekspertin şərhindən belə məlum oldu ki, bu sahədə çoxsaylı görüləsi işlər var.
Vidadi ORDAHALLI