“Solovyovun son verilişində qarşı tərəfin təxribatçı addımları obyektiv şəkildə işıqlandırılıb”
Ermənilərə növbəti zərbə rusiyalı teleaparıcı Solovyovdan gəlib. Belə ki, məşhur teleaparıcı “Vladimir Solovyovla axşam” verilişinin növbəti buraxılışı zamanı iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində yaranmış gərginlik barədə fikirlərini bildirib. Verilişdə Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyan və azərbaycanlı jurnalist Nicat Hacıyev Solovyovun onlayn qonağı olub.
Verilişin ən maraqlı məqamı Solovyovun Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının guya UAZ avtomobilində Ermənistan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərdiyinə dair Ermənistanın təbliğatlna cavabı olub:“Biz ciddi insanlarıq! Hansı UAZ-dan söhbət gedə bilər? Azərbaycan Ordusu yüksək səviyyədə təchiz olunub, onların ən yeni döyüş texnikaları var. Hərbi texnikaya, döyüşçülərin hazırlanmasına, ön zərbə xəttinə böyük pullar yatırılıb. Nə “Uazik”? Nə hücum? Əgər Azərbaycan Ordusu sərhədi yarmağa cəhd göstərirdisə, onda niyə “Uazik”lə? Bu heç vaxt ola bilməz! Belə bir şey mümkün deyil. “Uazik”lə hücüma keçirlər? Qarabağda bir neçə il bundan əvvəl (Aprel müharibəsi nəzərdə tutulur) toqquşma olub, orada heç bir “Uazik” olmayıb. Hücuma döyüş texnikası gedər, kəşfiyyat qrupları gedər. Azərbaycanın Türkiyədə təlim almış güclü xüsusi təyinatlıları var. Yəni Azərbaycanın buna gücü, bacarığı var. Onlar döyüş əməliyyatlarını necə aparmağı çox gəzəl bilirlər. Sərhədi qırmaq üçün, hücum etmək üçün “Uazik”lə getməyi təsəvvür etmək mümkün deyil”.
Maraqlıdır ki, bütün bu fikirlərlə Ermənistanın Rusiyadakı səfiri Toqanyan da razılaşıb.
Məlumat üçün qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təxribatın Azərbaycan tərəfindən törədildiyini “sübut etmək” üçün UAZ markalı avtomobilin fotolarını yayıb. Bildirib ki, Azərbaycanın iki zabiti və iki əsgəri guya bununla hücuma keçib.
Vladimir Solovyov bir qədər ziddiyətli aparıcı olsa da, onun böyük dinləyici auditoriyası var. Bu baxımdan sözügedən verilişdə ermənilərin biabır edilməsi və onların yalan məzmunlu informasiyalar yaymalarının ortaya çıxması mühüm əhəmiyyət kəsb edir.
“Bununla Ermənistan həm də informasiya cəbhəsində növbəti zərbə aldı”
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, son hadisələr fonunda Ermənistan təkcə Azərbaycandan hərbi zərbə almadı: “Eyni zamanda, Azərbaycan Ermənistanın həm diplomatik, həm də informasiya cəbhəsində mövqelərini xeyli sıxışdırıb. İş o yerə gəlib çatıb ki, hətta Ermənistanın müttəfiqi hesab edilən Rusiya KİV-ində anti-Ermənistan yönümlü verilişlər daha çox yayılır. Xüsusilə də Rusiyanın tanınmış teleaparıcısı Solovyovun son verilişində Ermənistanın təxribatçı addımları obyektiv şəkildə işıqlandırılıb. Aparılan müqayisələr zamanı Azərbaycan ordusunun Ermənistandan qat-qat güclü olduğu mövqeyi ortaya qoyulub. Azərbaycanın xüsusi təyinatlılarının kifayət qədər hazırlıqlı olduğu faktı öz əksini tapıb. Ermənistanın həm daxili, həm də xarici siyasəti tənqid olunub. O baxımdan hesab edirəm ki, Ermənistan həm də informasiya cəbhəsində növbəti zərbə aldı. Eyni zamanda, Ermənistan Tovuz istiqamətində təxribat törətməklə KTMT-ni prosesə cəlb etmək istəyirdi. Ancaq ermənilər öz məqsədinə çata bilmədi. Çünki Azərbaycanın KTMT-də, Ermənistanı çıxmaq şərtilə, digər dövlətlərlə çox yaxın münasibətləri var. Bu təşkilat çərçivəsində istənilən qərarın qəbul edilməsi üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Yəni qərar konsensus prinsipi ilə qəbul olunur. KTMT-də bircə Qazaxıstanın yox deməsi kifayətdir ki, Ermənistanın lehinə qərar qəbul olunmasın”.
Görünən odur ki, Ermənistan məlum təxribata əl atmaqla, həm hərbi, həm də diplomatik və informasiya cəbhəsində zərbələrə məruz qaldı.
Vidadi ORDAHALLI