Rusiyanın Cənub Hərbi Dairəsinin təlimlərinə Ermənistan silahlı qüvvələri də cəlb olunub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arcun Ovanesyan açıqlama verib. Onun sözlərinə görə, təlimlərə tank, artilleriya, motoatıcı və digər bölmələr qatılacaq:“Rusiya güclü ordusu olan böyük dövlətdir. İstənilən yoxlamanı keçirə bilər. Ermənistan da Rusiyanın burada dislokasiya olunmuş hərbi bazasında birgə təlim planlaşdırıb”. Qeyd olunub ki, təlimlər Ermənistan ərazisində və onun hüdudlarından kənarda keçiriləcək.
Xatırladaq ki, Putinin əmri ilə Cənub Hərbi Dairəsində qəfil yoxlama təlimi başlanıb. 149 min şəxsi heyət təlimlərə cəlb olunub. İndiki məqamda Rusiyanın belə bir təlim keçirməsi və Ermənistanın da orda iştirakı hansı mənanı verə bilər?
“Ermənistan KİV-ləri və dövlət qurumları bu informasiyanı həm də elə tərzdə verirlər ki, biz qıcıqlanaq...
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın öz ərazisində ordusuna hərbi təlim keçməsi öz hüququdur və burada hər hansı bir narahatedici məqam yoxdur:“Bunun Azərbaycana yönəlik təhdid kimi qələmə verilməsini doğru saymıram. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin açıqlamasına gəldikdə isə, onu deyə bilərəm ki, Gümrüdəki Rusiya hərbi bazası Cənub Hərbi Dairəsinə aiddir. Bu heç də o demək deyil ki, Ermənistan ordusu Rusiyanın həmin təlimlərində iştirak edəcək. Hüquqi baxımdan Ermənistan ordusunun Rusiya ordusu ilə heç bir əlaqəsi yoxdur. Belə bir hal baş verərsə, deməli, belə qənaətə gələ bilərik ki, Ermənistan ordusu Rusiyanın Cənub Hərbi Dairəsinin bir bölməsidir. Ermənistan KİV-ləri və dövlət qurumları bu informasiyanı həm də elə tərzdə verirlər ki, biz qıcıqlanaq. Bu məsələdə Rusiya-Ermənistan hərbi müttəfiqliyini qabartmaq istəyirlər. Ola bilər ki, bu, informasiya təxribatı olsun. Bir qədər səbrlə yanaşıb gözləməliyik. Əgər doğrudan da belə hal baş verəcəksə, onda fikirlərimizi konkretləşdirib, iradımız bildirərik. İndidən buna sərt reaksiya vermənin tərəfdarı deyiləm. Bizim Rusiya ilə də münasibətlərimiz yaxşı səviyyədədir. Xüsusilə də hərbi sahə ilə bağlı həmin ölkə ilə aramızda yaxşı əməkdaşlıq var. Bunlar hərbi-texniiki, müdafiə sənayesi sahələrini əhatə edir. Biz həmin ölkədən çoxlu sayda müasir silahlar almışıq. Zabitlərin hazırlanması sahəsində tədris mübadiləsi proqramı həyata keçirilir. MDB tərkibində Kollektiv Müdafiə Sazişi imzalanıb. Həmin sazişə əsasən, Azərbaycanla digər MDB ölkələri arasında müəyyən razılaşmalar var. Biz KTMT-nin üzvü olmasaq da, MDB çərçivəsində bizim Rusiya ilə hərbi-strateji əlaqələrimiz var. Rusiya ilə siyasi və iqtisadi əlaqələrimiz də yüksək səviyyədədir. Ermənistanın bu şəkildə informasiya yayması bizim Rusiya ilə münasibətlərimizi korlamağa hesablanıb. Məqsəd cəmiyyətimizdə anti-Rusiya ovqatını gücləndirməkdir. Belə provokasiyalara ciddi fikir vermək lazım deyil”.
Ermənistanın informasiya sahəsindəki təxribatları ilə tanış olduğumuz üçün bu məsələdə də tələskənliyə yol verməməliyik.
Məhəmmədəli QƏRİBLİ