Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) neytral mövqeyi Ermənistanda böyük məyusluq yaradıb. Ermənistanın bütün cəhdlərinə rəğmən, KTMT Azərbaycan əleyhinə hansısa mövqe sərgiləmədi. Əksinə, yenidən bəlli oldu ki, Azərbaycanın təşkilatda nüfuz və mövqeyi Ermənistanla müqayisədə daha yüksəkdir, güclüdür.
Qeyd edək ki, KTMT Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar sadəcə bir bəyanat yayıb. Burada KTMT Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar ciddi narahatlığını bildirir, atəşin dərhal dayandırılmasına çağırır. Bu yanaşma isə Ermənistanı qane etmir. Çünki düşmənin əvvəldən əsas niyyəti o idi ki, sərhəd təxribatına getməklə KTMT, ilk növbədə, Rusiya bu münaqişəyə cəlb edilsin. Ancaq bu alınmadı.
KTMT-nin neytral bəyanatını, hətta “Qarabağ klanı”nda təmsil olunanlar belə həzm edə bilmir. Məsələn, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın KTMT-nin bəyanatı ilə bağlı verdiyi açıqlama bu qəbildəndir:“Bizə KTMT-dən hərbi dəstəyə ehtiyac yoxdur, ancaq qurum heç olmasa Azərbaycanı qınayan bəyanatla çıxış edə bilərdi. Təəssüflər olsun ki, belə bir bəyanat olmadı”.
Paşinyana yaxın media isə KTMT-nin Ermənistanı dəstəkləmədiyinə görə ruslara və Rusiyaya təhqirlər yağdırır. Bununla əlaqədar yeni anti-Rusiya kampaniyası başlayıb. O baxımdan, Ermənistanda yaşanan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Paşinyana yaxın olan mətbuat orqanlarında Rusiyaya qarşı onsuz da təbliğat aparılırdı”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanın KTMT-dən gözləntiləri böyük fiasko ilə nəticələndi:“Ona görə də işğalçı ölkədə bununla bağlı müzakirələr səngimir. Ermənilər sözügedən məsələdə tamam köməksiz və müdafiəsiz qaldılar. Ermənilər Rusiyanın Paşinyandan narazı olduğunu bilirdilər. Ancaq onlar hesab edirdilər ki, Rusiya KTMT-yə görə Ermənistanı müdafiə edəcək. Ancaq Rusiya bu addımı da atmadı. Gör ermənilər necə məyus olublar ki, hətta Ohanyan da bunu dilə gətirir. KTMT ona görə Ermənistanı müdafiə edən bəyanatla çıxış etmədi ki, Azərbaycan Rusiya üçün hər baxımdan qat-qat vacib tərəfdaş ölkədir. Nəzərə almaq lazımdır ki, regionda ciddi proseslər gedir. Azərbaycanın o proseslərdə rolu böyükdür. Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik anlayışı daha böyükdür. O mənada, Azərbaycan qat-qat böyük əhəmiyyətə malikdir. Xüsusən də Prezident İlham Əliyevin apardığı siyasət Rusiya üçün hər zaman vacib olub. Kreml bilir ki, Azərbaycan təsadüfü siyasət aparmaz. Ona görə də hesab edək ki, Rusiya üzünü Ermənistandan Azərbaycana tərəf çevirdi. Paşinyana yaxın olan mətbuat orqanlarında Rusiyaya qarşı onsuz da təbliğat aparılırdı. KTMT-nin məlum mövqeyini bəhanə edib bu fəaliyyəti bir az da gücləndirəcəklər. Ancaq nəticə etibari ilə hansısa uğur əldə edə bilməyəcəklər. Çünki Ermənistanın acınacaqlı vəziyyəti ortadadır”.
Belə görünür, Ermənistanın ətrafında halqa daralır...
Vidadi ORDAHALLI