Düşmən hər an oyaqdır və o öz təxribatları ilə bizə qarşı zərərli informasiya kampaniyası aparır, bütün gücünü bir araya toplayaraq ölkəmizin tanınmış simalarını, rəsmi şəxslərini ləkələməyə cəhdlər edirlər. Onlar Azərbaycanın rəsmi şəxslərinə qarşı bu çirkin addımları sosial şəbəkələr vasitəsilə də həyata keçirməyi özlərinə hədəf seçiblər. Ermənilər saxta sosial şəbəkələrdə bizim rəsmi şəxslərin adına saxta profillər yaradaraq öz təxribatçı əməllərini davam etdirirlər.
Çox mühüm dövlət qurumlarımızdan olan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta “Feysbuk” profili açılıb. Bu barədə “Trend”ə V.Dərgahlı özü məlumat verib. Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: “Mənim adımdan saxta “Feysbuk” profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin”.
“Ermənilər tərəfindən Azərbaycanın rəsmi şəxsləri ilə bağlı saxta profillər yaratmaq “ənənə”si də yeni deyil”
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bizimlə söhbətində bildirdi ki, V.Dərgahlının fotosu ilə saxta “Feysbuk” səhifəsini erməni təxribatçılarının açdığı açıq şəkildə görsənir: “Biz dəfələrlə demişik ki, ermənilər bizə qarşı təxribatların çox hissəsini məhz Azərbaycandilli seqmentlərdə törədirlər. Ermənilər azərbaycanlı ad və soyadından, Bakıdaya aid rekvizitlərdən istifadə edərək saxta profillər yaradırlar. Bu profillər vasitəsilə həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayır, çağırışlar edirlər. Belə hallar mövcuddur. Cənab Prezidentin də vurğuladığı kimi düşmənlə mübarizə aparmaq çətin deyil, düşmən düşməndir, hərəkətlərini izləyirsən. Əsas çətinlik, problem isə qapalı resurslar vasitəsilə mübarizə aparanlarla, təxribat törədənlərlə bağlıdır. Ermənilər tərəfindən Vaqif Dərhaglının şəkili ilə açılan saxta “Feysbuk” səhifəsinin ermənilərin bizə cavabı kimi də saymaq olar. Bilirsiz ki, ermənilərin Tovuz cəbhəsindəki son təxribatlarından dərhal sonra azərbaycanlı hakerlər ermənilərin bir çox informasiya resurslarını vurub sıradan çıxardılar və internet üzərindən uğurlu əməliyyatlar keçirdilər. Bu baxımdan, düşmən tərəfindən də bu cür münasibət gözləniləndir. Ermənilər tərəfindən Azərbaycanın rəsmi şəxsləri ilə bağlı saxta profillər yaratmaq “ənənə”si də yeni deyil. Bilirsiz ki, zaman-zaman bu kimi hallar baş verib, Azərbaycanın ən yüksək dövlət rəsmiləri adından feyk hesablar yaradaraq zərərli informasiya yayamaq praltikası ilə rastlaşmışıq. Ona görə də, əhalini bu kimi hallara qarşı ehtiyatlı olmağa çağırırdıq. Amma indi dövlət qurumlarının əməkdaşlarına, rəsmi və ictimai şəxslərə tövsiyəmiz odur ki, öz hesablarını daimi olaraq nəzarətdə saxlasınlar, öz hesablarını çox intensiv şəkildə yoxlasınlar. Bunun üçün kifayət qədər texnologiylar da mövcuddur ki, bu təxribatlardan anındaca xəbər tutsunlar və açıqlamalar yayaraq cəmiyyəti bilgləndirsinlər”-deyə M.Ələsgərli vurğuladı.
İradə SARIYEVA