İstər dinc dövrdə, istərsə də müharibə şəraitində qana çox böyük ehtiyac duyulur. Ona görə də Qan bankı mühüm strateji əhəmiyyət daşıyır.
Məlumdur ki, iyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Döyüş zamanı müdafiənin ön xətdində olan hərbçilərin bir neçəsi yaralanıb. Ön cəbhədə olan hərbçilərin şəhid olması və yaralanması xəbəri açıqlanandan sonra sosial şəbəkədə yaralıların qana ehtiyacı olduğu haqqında məlumat yayılır. Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya çoxsaylı yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə yayılan məlumatlar əsassızdır.
Əlbəttə, belə məlumatları yayanlar ya bilərəkdən, ya da bilməyərək rəy yaradırlar ki, guya ermənilərin təxribatlarını, dəf edərkən o qədər əsgərimiz yaralanıb ki, ölkədə qan qıtlığı yaranıb. Belə profillərin erməni mənafelərinə xidmət etdiyi şübhəsizdir.
Müdafiə Nazirliyi: “Yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır”
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Fuad Əsgərov: “Qana ehtiyac olarsa, Qan Bankında kifayət qədər ehtiyat qan var”
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bizimlə söhbətində bildirdi ki, bəzi şəxslər insanların humanistliyindən istifadə edib sosial şəbəkədə “təcili qan lazımdır” çağırışı ilə elan paylaşırlar: “Hazırda həssas dönəmdəyiq. İyulun 12-dən başlayaraq düşmən tərəfinin mövqelərimiz atəş tutması və Azərbaycan tərəfinin də onlara layiqli cavab verməsi insanları həyacanlandırır. Nəzərə almaq lazım ki, hələ səfərbərlik elan olunmayıb. Bu üzdən də elanlara, sosial şəbəkədə yayılan hər xəbərə inanmaq lazım deyil. Əgər qana ehtiyac olarsa,Qan Bankında kifayət qədər ehtiyac qan var. Bununla bağlı rəsmi çağırış olunmadığı üçün insanları təlaşlandırmaq düzgün deyil”.
Qeyd edək ki, respublikamızda qan xəstəliklərindən əziyyət çəkənlərin uzun illər ən böyük problemlərindən biri qan ehtiyatının olmaması ilə bağlı olub. Amma 15 ildən artıqdır ölkəmizdə talassemiya və eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir. Ölkə ictimaiyyəti bu xeyriyyə aksiyalarında fəal iştirak edir. Bu üzdən ölkənin qan ehtiyatı yetərli səviyyədədir.
Günel CƏLİLOVA