Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar. Qeydiyyata alınanlar arasında qadınlarda var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov media nümayəndələrinə açıqlamasında qeyd edib ki,
Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var: “Hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır. Bu gün 4 mindən artıq şəxs müraciət edib. Onların içərisində xanımlar da var”.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində zərif cinsin nümayəndələrinin hərbi xidmətə cəlb olunur. Azərbaycan tarixinin müxtəlif dövrlərində də döyüşkən qadınların sayı az olmayıb. Qarabağ savaşı zamanının ilk illərində Azərbaycan qadınlarının hərbi əməliyyatlarda necə iştirak etdiyi, qəhrəmanlıqlar göstərdiyi, şəhidlik zirvəsinə ucaldıqları faktlardır. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı.
Məlumat üçün bildirək ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qadınlarımızdan Milli Qəhrəmanlarımız da var. Onlardan Salatın Əsgərova, Gültəkin Əsgərova, habelə digər xanımlar belə şəxslərdəndir. Qarabağ savaşında snayper olmuş, 40 yaşında cəbhəyə könüllü yollanmış Növrəstə Yusifova isə qanlı müharibənin canlı şahidlərindəndir. O, Qarabağ müharibəsində müstəqil Azərbaycanın ilk qadın snayperi olub.
“İnsanlar könüllü ordu sıralarına yazılmaq, Tovuza gedib döyüşmək istəyirlər”
Qeyd etdiyimiz kimi, Tovuz istiqamətində gedən döyüşlər insanları yenidən ordu sıralarına sövq edib. Hərbi xidmətdə iştirak etmək istəyənlər arasında qadınlarda var. O qadınlarda biri də “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəylidir. O “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezidentin göstərişi və eləcə də öz istəyi ilə hərbi xidmətdə iştirak etmək üçün qeydiyyatla bağlı xidmətin aidiyyəti şöbəsinə müraciət edib: “Vətən üçün oğlan-qız amili yoxdur. Vətən hamı üçündür.. Torpağı hamı sevməli, uğrunda ölməyə və öldürməyə hazır olmalıdır. Dünya təcrübəsindən də bəllidir ki, ən yaxşı snayper məhz qadınlar olur. Deyirlər ki, silah incə texnikadır. Snayper tüfəngləri xüsusilə incə silahlar sırasındadır. Elə buna görə də qadın silahla daha tez dil tapa bilir. Bunu mütəxəssislər və müharibə iştirakçıları da dəfələrlə deyiblər. Hətta Böyük Vətən Müharibəsində 1941- 1945-ci illərdə minlərlə azərbaycanlı qadın cəbhəyə yollanıb. Onlar da döyüşüblər, təkcə tibb bacısı kimi müharibədə iştirak etməyiblər. Əbəs yerə demirlər ki, Azərbaycanın Tomrisi var, Həcəri var, Salatın Əsgərovası və Gültəkini var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Tovuzda ermənilərin növbəti mənfur hərəkətlərini bütün dünya görür: “Ancaq Ali Baş Komandamızın dediyi kimi onların layiqincə cavabı verilir. 30 ilə yaxındır bıçaq sümüyə dirənib. Dədə-baba yurdumuza niyə həsrət qalmalıyıq? Xalq elimizi-obamızı geri almaq və gedib orada oturmaq istəyir. Hamının bir istəyi var, müharibə başlasın və bu iş tamamlansın. İnsanlar könüllü ordu sıralarına yazılmaq, Tovuza gedib döyüşmək istəyirlər”.
Bildirək ki, səngərlərdə mərd oğullarımızla çiyin-çiyinə, birgə döyüşən, yaralanan igidlərə yardım edən qadınlarımız da az olmayıb. Ordumuzun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir.
Günel CƏLİLOVA