Ermənistan Azərbaycana qarşı yalan dolu qarayaxma kampaniyasını davam etdirir. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, guya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Metsamor AES-in vurulacağı ilə bağlı məlumat yayılıb: “Azərbaycan Müdafiə Nazirliyinin Metsamordakı AES-inə raket zərbəsi endirməklə bağlı səsləndirdiyi təhdid ölkənin hərbi-siyasi rəhbərliyinin ümidsizliyindən və şüur böhranının dərəcəsindən xəbər verir.
Azərbaycan MN-nin təhdid xarakterli hərəkətləri ümumilikdə beynəlxalq humanitar hüququn və xüsusilə Cenevrə Konvensiyasının Birinci Əlavə Protokolunun kobud şəkildə pozulmasıdır. Bu cür təhdidlər dövlət terrorunun birbaşa təzahürüdür və Azərbaycanın soyqırım niyyətlərini ifadə edir. Azərbaycandan gələn nüvə təhdidlərini qətiyyətlə pisləyirik və o bu təhdidlərdən dərhal açıq şəkildə imtina etməlidir”.
Göründüyü kimi, Ermənistan rəsmi səviyyədə ağlasığmaz yalanlarla çıxış edir. Əvvəla, Azərbaycan belə bir təhdidlə çıxış etməyib. Ən azından, bunun Cənubi Qafqazda hansı fəlakətlərə səbəb olacağının fərqindədir. Məsələ ondadır ki, Ermənistan ərazi baxımından kiçik ölkədir. Metsamor AES-i vurulacağı təqdrdə, nəinki Ermənistana, o cümlədən Türkiyəyə, Gürcüstana və Azərbaycana zərər dəyəcək. Azərbaycanın özü üçün bu ciddi təhlükə deməkdir. Region ciddi radioaktiv şüalanmaya məruz qalacaq. Belə olan halda Azərbaycan niyə belə addım atsın ki?
“Ermənistan öz təcavüzkar hərəkətinə haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atır”
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan tərəfi belə yalan və həqiqətdən uzaq informasiyalar yaymaqla beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaq istəyir:“Məqsədləri Azərbaycanı qaralamaqla, Tovuzda baş verən döyüşlərə diqqəti azaltmaqdır. Məlum olduğu kimi, Ermənistan ordusu iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə təxribatlar törədir. Erməni təcavüzünün dəf edilməsi zamanı bir neçə həbçimiz şəhid olub. Bütün bunlara rəğmən, ordumuz düşmən hücumunu dəf edib. Həmçinin, qarşı tərəfə güclü əks-zərbələr endirib. Nəticədə çoxsaylı erməni əsgəri məhv edilib. Qarşı tərəf böyük təşviş içərisindədir və itkilərini gizlədir. Ermənistan öz təcavüzkar hərəkətinə haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atır. Onlardan biri də Azərbaycanı qaralamaq, ölkə barədə yanlış rəy formalaşdırmaqdır. Bu məqsədlə ağlagəlməz iftiralarla çıxış edirlər. Azərbaycan öz strateji obyektlərini ən müasir texniki vasitələrlə qorumaq imkanına malikdir. Belə olan halda Ermənistandakı sözügedən stansiyanı niyə hədəf alsın ki? Bunun hansı fəsadlara səbəb olacağını yaxşı bilirik. Düşünürəm ki, Ermənistan həm də bizə qarşı informasiya müharibəsi apardığı üçün bu cür yalan məlumatlarla çıxış edir. Ona görə də biz bütün sahələrdə fəal olmalıyıq və erməni yalanlarını ifşa etməliyik”.
Görünən odur ki, biz çox hiyləgər və məkrli düşmənlə üz-üzə olduğumuz üçün hər zaman ayıq olmalıyıq. İstənilən bu kimi fəaliyyətlərə adekvat cavab verməliyik.
Vidadi ORDAHALLI