Azərbaycanda orduya dəstək aksiyası erməniləri bərk narahat edir. Bəzi erməni siyasilər bunu gözdən salmaq üçün müxtəlif təxribat xarakterli fikirlər səsləndirirlər. Belə şəxslərdən biri də Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyandır.
O, erməni mediasına verdiyi açıqlamada bu günlərdə Bakıda keçirilən orduya dəstək hərəkatına müxtəlif don geyindirməyə çalışıb. İddia edib ki, guya sözügedən aksiyada hökumət əleyhinə hansısa çağırış olub. Hayrapetyanın fikrincə, bununla prezident dünyaya göstərmək istədi ki, xalq müharibə istəyir, amma sonra sözügedən aksiya hökumətin özünə qarşı çevrildi. Hayrapetyan utanmadan bir az da irəli gedərək iddia edib ki, guya hökumət bənzər aksiyanın keçirilməsinə bir də icazə verməz.
Əslində erməni deputatın bu böhtan xarakterli fikirlərinin kökündə onların son proseslərdən bərk narahat olmaları dayanır. Məsələ ondadır ki, əslində erməniləri qorxudan Azərbaycan xalqının orduya verdiyi real dəstəkdir. Görünın odur ki, erməni tərəfi bundan bərk narahatdır. Torpaqların müharibə yolu ilə qaytarılması ilə bağlı xalqın sərgilədiyi qətiyyət, orduya verdiyi güclü dəstək erməni tərəfini qorxudan başlıca amildir. Anlayırlar ki, Azərbaycan əvvəl-axır işğal altında olan əraziləri azad edəcək.
“Xalqın orduya, Ali Baş Komandana verdiyi yekdil dəstəkdən qorxurlar”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın güclənməsindən bərk narahatdır: “Əvvəla, Tovuzda gedən döyüşlərdə şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Onlar böyük rəşadət göstərərək ərazilərimizin işğal olunmasına imkan vermədilər. Eyni zamanda, düşmənə güclü zərbələr endirildi. Nəticədə çoxsaylı düşmən hərbiçisi məhv edilib. Hayrapetyan kimi yaramaz deputatların səsləndirdikləri “mülahizələrə” gəldikdə isə, hesab edirəm ki, buna o qədər də əhəmiyyət vermək lazım deyil. Ermənidən ancaq bu kimi böhtanlar eşitmək olar. Hansı hökumət əleyhinə çağırışdan söhbət gedə bilər ki, müharibə məsələsində xalq hakimiyyəti tam dəstəkləyir? Əslində Hayrapetyan kimi erməni deputatları narahat edən də budur. Onlar elə hesab edirdilər ki, Azərbaycan xalqı işğalla barışacaq, müharibədən çəkinəcək. Ancaq məlum aksiya bir daha onların təsəvvürlərini darmadağın etdi. Ermənilər Azərbaycan cəmityyətində güclənən müharibə ovqatından çox narahatdırlar. Xalqın orduya, Ali Baş Komandana verdiyi yekdil dəstəkdən qorxurlar. O üzdən, bunu qaralamaqdan ötrü müxtəlif uydurma xarakterli fikirlərlə çıxış edirlər. Biz əvvəl-axır gözəl Qarabağı işğaldan azad edəcəyik”.
Belə məlum olur ki, cəmiyyəydə artan əhval-ruhiyyə, orduya göstərilən dəstək düşməni get-gedə daha çox narahat edir.
Vidadi ORDAHALLI