“Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur: “Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır”.
“Ölkə başçısı xarici səfərlərdə olarkən, o ölkədə olan səfirlər Prezidentin səfəri ilə bağlı adi Tvitterdə belə paylaşım etmirlər”
Ölkə başçısının fikirlərinə şərh verən media eksperti Azər Həsrət qeyd etdi ki, xarici KİV-lə sıx təmasla olmaq olduqca əhəmiyyətlidir: “Bu sahəni inkişaf etdirmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycanın diplomatik xidmətində çalışan şəxslərin bir qismi bu məsələnin əhəmiyyətini anlamır. Belə ki, ölkə başçısı xarici səfərlərdə olarkən, o ölkədə olan səfirlər Prezidentin səfəri ilə bağlı adi Tvitterdə belə paylaşım etmirlər. Tvitterdən istifadə etməyən şəxsin olduqları ölkənin mediasından yararlanması belə ağla batan görünmür. Bu baxımdan hesab edirəm ki, Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov bu məsələləri həll edə biləcək şəxsləri səfərbər etməlidir. Azərbaycanda xarici mətbuatla işləyə bilən bir qrup insanlar var. Xüsusən də, beynəlxalq əlaqələri bilən, xarici ölkələrdə işləmək təcrübəsi olan, beynəlxalq mətbuat qurumları ilə əməkdaşlıq edən şəxslər bu işə cəlb olunmalıdır. Xarici ölkələrdə olan səfirliklərimiz sadaladığım kateqoriyaya aid insanlarla çalışmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, səfirliklərdə ictimaiyyətlərlə əlaqələr şöbəsində təsadüfi adamlar olmamalıdır.
Qeyd edək ki, “Rəqəmsal diplomatiya” fəaliyyəti çərçivəsində sosial şəbəkə platformalarından, mediadan fəal surətdə istifadə etmək, ölkəmizə aid məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir.
Günel CƏLİLOVA