Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, iyulun 16-da saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə mütəxəssislər cəlb olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluq bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri və institusional tədbirlər görüləcək.
Hazırladı: Zümrüd VƏLİYEVA