“Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı”.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Ermənistanın Azərbaycanla sərhəddəki hərbi təxribatının məhz iyulun 12-də törədilməsinin təsadüfü olmadığını bildirən dövlət başçısı bəzi məqamlara toxunub:“İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb”.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, 12 iyulla bağlı Ermənistanda nə danışılır?
“Paşinyan 3 gün sonra bu təxribata əl atmaqla müəyyən mənada iz itirməyə çalışsa da, bu alınmadı”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov bununla bağlı maraqlı məqamlara toxundu: “Heç nə təsadüfi olmur. 4 dəfə ABŞ prezidenti seçilmiş Franklin Delona Ruzveltin belə bir sözü vardı:“Tarixdə nə baş verirsə, təsadüfən baş vermir”. O baxımdan məlum təxribatın məhz 12 iyulda baş verməsi təsadüfi deyil. Ermənistanda bunu əsasən Paşinyanın oğlunun ordudan tərxis olunması ilə əlaqələndirirlər. Bu məqam xüsusi qabardılır. Məsələ ondadır ki, Ermənistan və Azərbaycan arasındakı silahlı toqquşmalar baş nazir Nikol Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından cəmi üç gün sonra başlayıb. Aşot Paşinyanın orduda xidməti iyulun 9-da başa çatıb. Həmin gün Paşinyan təxribata əl atsaydı, o zaman bu, Ermənistanda daha böyük söz-söhbətə səbəb olardı. Ona görə də 3 gün sonra bu təxribata əl atmaqla müəyyən mənada iz itirməyə çalışsa da, bu alınmadı. Paşinyan fikirləşdi ki, artıq belə bir təxribata gedilməsi onun oğluna təhlükə yaratmaz. Bütün hallarda bu, Paşinyanın dar düşüncəli siyasətinin nəticəsidir. Bütün bunlarla yanaşı, sözügedən təxribatda Ermənistanın müəyyən məkrli niyyətləri olub. Çünki ondan iki gün əvvəl Azərbaycanın təşəbbüsü ilə BMT-nin COVID-19 məsələsi ilə bağlı xüsusi sessiyası başlayıb. Başqa bir tərəfdən, Tovuz rayonu Qarabağla həmsərhəd deyil. Onlar istədi ki, Azərbaycanı təxribata çəksinlər. Yəni Azərbaycan hücuma keçsin və ölkəmiz barədə təcavüzkar obraz yaratsınlar. Lakin onların bu niyyəti alınmadı. İstədilər KTMT-ni bu işə qatsınlar, bu da baş tutmadı. Ən nəhayət, Ermənistan istəyirdi ki, bəzi yüksəklikləri ələ keçirib neft-qaz kəmərlərini hədəf ala bilsin, amma bu istəklərinə də çata bilmədilər”.
Görünən odur ki, təcavüzkar ölkə məlum təxribatı törətməklə bir sıra məqsədlərini həyata keçirmək istəyib.
Vidadi ORDAHALLI