08/08/2020 10:44
728 x 90

2016-cı ilin apreli, 2018-ci ilin Naxçıvan və 2020-ci ilin Tovuz hadisələri – Prezident 5 ilin üç böyük hərbi zəfərini müqayisə etdi...

img

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda son günlər ərzində Azərbaycan Ordusunun bir daha öz üstünlüyünü göstərdiyindən danışıb:

“Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.

Prezident  bildirib ki, bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir:“Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.

Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”.

Göründüyü kimi, ölkə başçısı Tovuz ətrafında gedən döyüşləri də şanlı ordumuzun “Lələtəpə” , “Günnüt” kimi  uğurları sırasına aid edib.  Bu üç döyüşün nəticələri ilə bağlı nələri söyləmək olar?

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanması imkanı əldə edildi. Uzun sürən fasilədən sonra Azərbaycan ordusunun bu zəfərini gələcək qələbələrin müjdəsi kimi qəbul edənlərin yanılmadığı üzə çıxdı. Bəli, məhz bu zəfərli döyüşlərdən sonra 2018-ci ildə ordumuz Naxçıvan istiqmətində ciddi bir uğura imza atdı.

2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub. Əməliyyatın ən mühüm tərəfi budur ki, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını ictimaiyyətdən gizlətməyə çalışsalar da, Günnüt əməliyyatı bütün Ermənistanı çaxnaşmaya saldı. 

Ölkə başçısı çox haqlı olaraq son bir neçə gün ərzində dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş verənlərlə bağlı ordumuzun göstərdiyi şücaəti digər parlaq qələbələrimizlə eyniləşdirir. Ermənistan törətdiyi təxribatın sonunu bəlkə də belə gözləmirdi. Ordumuz bir daha göstərdi ki, bir qarış torpağı belə düşmənə güzəştə getməyəcək. Tovuzda baş verən hadisələrdə Azərbaycan ordusunda daha bir qəhrəmanlıq nümunəsi yaşandı. Şəhidlərin arasında yüksək rütbəli hərbçilərin də olması bir daha sübut etdi ki, ordunun şəxsi heyəti hamılıqla düşmənlə mübarizənin ön sırasında durmaq, onlara  layiqli cavabları vermək əzmindədir. Tovuz hadisələri həm də Azərbaycandakı hərbi-vətənpərvərlik hisslərinin cəmiyyətdəki ölçüsünü müəyyən etdi. Bəlli oldu ki, belə həlledici məqamda Azərbaycan cəmiyyəti vahid yumruq kimi birləşməyi bacarır. Əminik ki, bizi öndə daha böyük hərbi zəfərlər gözləyir. Heç kimdə şübhə olmasın ki, bu zəfərlərin davamı olaraq biz işğal altında olan Şuşanın, Ağdamın və başqa şəhərlərimizin azad olunmasını bayram kimi qeyd edəcəyik.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər