İyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçıları şəhər boyu "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və digər bu kimi şüarlar səsləndiriblər.
İnsanlar əvvəlcə Azadlıq Meydanında toplaşıblar, daha sonra isə şəhərin müxtəlif istiqamətlərindən yürüş edərək Milli Məclisin qarşısına gəliblər. Orada da vətənpərvərlik şüarları səsləndirən vətəndaşlar, hətta səfərbərlik elan olunmasını belə istəyirdilər.
Nə polisin aksiyaya müdaxilə etmək, nə də vətəndaşların gərginlik yaratmaq niyyətləri var idi. Hətta, polislər insanların yürüş etdiyi yollarda nəqliyyatın hərəkətini dayandıraraq təhlükəsizliyi təmin etmişdi. Milli Məclisin qarşısında isə vətəndaşlar polisə dəstək şüarları da səsləndirirdilər.
Gecə saat 03 radələrində Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və Müdafiə Nazirliyinin rəsmiləri kütlə qarşısına çıxaraq orduya dəstəklərinə görə vətəndaşlara təşəkkür etdilər. Rəsmi şəxslərin getməsi ilə bir neçə təxribatçı aranı qarışdırıb və bununla da gərginlik yaranıb. Burada polisin güc tətbiq etmədiyini görən bir qrup şəxs isə seçimi parlament binasına girməkdə və binaya ziyan vurmaqda görüb. Belə olduqda isə polis onlara içəridən çıxmaları barədə xəbərdarlıq edib. Heç bir nəticəsi olmadığı üçün polis əməkdaşları binaya daxil olaraq, parlamenti zəbt etməyə çalışanları oradan çıxarıblar.
İyulun 14-də baş vermiş hadisə bir daha göstərdi ki, polis olaya tımkin və dözümlə yanaşıb.
“Hadisə zamanı Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı ilə baş vermiş olay sakitləşib və ictimai asayiş bərpa olunub”
Millət vəkili Rüfət Quliyev qeyd etdi ki, iyulun 14-də Bakıda keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz dövlətinə, ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib: “Təəssüf ki, əsas şüarı vətən, torpaq və cənab Prezidentdən müharibədə onların iştirak etməsi üçün icazə istənilən dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Bir qrup şəxs Milli Məclisin inzibati binasına zor gücünə daxil olublar. Həmin şəxslər binaya xəsarət yetiriblər. Ancaq onların bu istəyi polisin peşəkar və səbrli davranışı ilə qısa zamanda dəf edilib. Hadisə zamanı Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı ilə baş vermiş olay sakitləşib və ictimai asayiş bərpa olunub”.
Qeyd edək ki, Azərbaycan polisi hər zaman təmkinli davranışı özünün əsas fəaliyyət üsuluna çevirə bilib.
Günel CƏLİLOVA