05/08/2020 16:58
728 x 90

Azərbaycanda “5-ci kolon” təhlükəsi ilə hərtərəfli mübarizə yenidən aktuallaşdı – hədəf dəqiq ifadə olundu…

Məhərrəm Zülfüqarlı: “Müəyyən pozucu insanlar ölkədə sabitliyi pozmaq üçün pusquda dayanıb fürsət gözləyirlər”

img

“Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, iyulun 14-də baş verən hadisə hamımız üçün bir siqnal olmalıdır:“Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.

Ölkə başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq:“Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu düşmənçilikdir”.

Həqiqətən də belə qüvvələr dövlət üçün təhlükə törədir. Müharibə şəraitində sosial şəbəkələrin imkanlarından istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olurlar, qanunsuz mitinqə cəhd edib ölkədə xaos yaratmaq istəyirlər.

  • “Biz 90-cı illərin əvvəllərində yaşanan xaosdan ciddi nəticə çıxarmalıyıq”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, prezidentin səsləndirdiyi fikirlər tamamilə reallığı əks etdirir:“Prezident ürəyimizdən gələn fikirləri bildirdi. Məsələ ondadır ki, müəyyən pozucu insanlar ölkədə sabitliyi pozmaq üçün pusquda dayanıb fürsət gözləyirlər. Onlar “beşinci kolon” missiyasını həyata keçirirlər. Nəzərə almaq istəmirlər ki, ölkə müharibə şəraitindədir. Sosial şəbəkələrdə təxribat xarakterli, dövlətçilik əleyhinə fikirlər səsləndirirlər. Ermənilər də bundan məharətlə istifadə edir. İndiki şəraitdə icazəsiz aksiya keçirməyə cəhd edirlər. Ona görə də belə hallara yol vermək olmaz. Biz 90-cı illərin əvvəllərində yaşanan xaosdan ciddi nəticə çıxarmalıyıq. Strateji sahələrə, xüsusən də təhsilə diqqət etmək lazımdır. Azərbaycan himnini bilməyən, ölkə tarixinə laqeyd olan şəxslər mühüm postlarda ola bilməz. Belə insanlar rəhbərlikdən uzaqlaşdırılmalıdır. Bütövlükdə, Prezidentin sözügedən məsələlərlə bağlı qətiyyətli mövqe ortaya qoymasını alqışlayıram”.

Hər halda, imkan vermək olmaz ki, “beşinci kolon” missiyasını həyata keçirən qüvvələr dövlətə zərər vursun.

Vidadi ORDAHALLI

Son xəbərlər