05/08/2020 17:45
728 x 90

Azərbaycan XİN-i daha əvvəllər sərt tənqid edənlər Prezidentin prinsipial ittihamlarını necə qarşıladı - Fəzail Ağamalı və Fazil Mustafa...

img

Prezident İlham Əliyev keçirdiyi Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əsasən xarici siyasət üzərində dayanıb. Prezident iclas boyu Elmar Məmmədyarovun fəaliyyətini sərt tənqid edib:

“...Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu cəfəngiyyatdır. Yəni nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!

Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu ilk növbədə kim etməlidir? Xarici İşlər Nazirliyi susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistanla hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!

Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mən köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerimdə səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici şlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De”.

Baş Nazir Əli Əsədov Elmar Məmmədyarovun ona belə cavab verdiyini deyib: “Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm”.

Qeyd edək ki, Elmar Məmmədyarovun fəaliyyətini bir neçə ay əvvəl bir neçə deputat da sərt tənqid etmişdi. Onların arasında konstruktiv müxalifətin nümayəndələri ilə yanaşı, hakimiyyətin kursunu tam dəstəkləyənlər də vardı. Bu baxımdan da, həmin deputatlardan ölkə başçısının son iclasda Elmar Məmmədyarovla bağlı etdiyi tənqidlərlə bağlı yenidən münasibət öyrənmək qərarına gəldik.

  • Fəzail Ağamalı: “İl yarım əvvəl mən parlament iclasında onun istefasını tələb etmişəm”

Elmar Məmmədyarovu daim sərt tənqid edən deputatlardan olan Fəzail Ağamalı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısı son müşavirədə olduqca vacib və aktual məslələlər ətrafında öz fikrini ortaya qoydu:“Söylənilən hər bir fikir Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi baxımından olduqca ciddi əhəmiyyət kəsb edir. Cənab Prezident bir daha Azərbaycan xalqı ilə səmimi, açıq olan fikirlərini bölüşdü. Məhz bu cür keyfiyyətlərinə görə də cənab Prezident Azərbaycan xalqı tərəfindən çox sevilir. Ölkə başçısının XİN rəhbəri barədə söylədiyi fikirlər cəmiyyətdə təəccüblə qarşılanıb. Siz bilirsiniz ki, biz bunlardan xəbərdarıq. Elmar Məmmədyarovun necə işlədiyini bildiyim üçün onu xeyli müddət əvvəl tənqid etmişəm.  Açın baxın, il yarım əvvəl mən parlament iclasında onun istefasını tələb etmişəm. Ölkədə müharibə gedir, Ermənistan bütün gücü ilə üstümüzə gəlir, Tovuzda və digər yerlərdə hücum təşkil edir, ancaq XİN rəhbəri yerində tapılmır. Belə mərhələdə Ermənistanın təcavüzkar siyasətini ifşa etməli olan nazirliyin rəhbəri deyir ki, o evdən işləyir. O, iş başında deyilsə, deməli, onun bütün strukturu işləmir. İş telefonla nələrisə Leyla Abdullayevaya söyləyib, onun da fikirləri özü bildiyi formada cəmiyyətə təqdim etməsindən ibarət olmamalıdır. Tam səmimi deyirəm ki, həmin qurumun açıqlamaları bir çox hallarda dövlət maraqlarına cavab vermir. Bunu ölkə başçısı da vurğuladı. Dəfələrlə onun haqqında demişəm ki, yerində olan adam deyil. Belə anda iş başında olmayıbsa, deməli, fikirlərimdə yanılmamışam. Onun, ölkə başçısının dediyi kimi, hücum diplomatiyasında yeri görünmür. Görünən budur ki,  Elmar Məmmədyarov  xarici siyasətdən başqa nə ilə desən məşğul olub. Təsadüfi deyil ki, DTX-nın keçirdiyi əməliyyat nəticəsində həmin nazirliyin bir korrupsiya yuvası olduğu üzə çıxdı. Yəqin gözləyir ki, istefaya göndərilsin, gedib xaricdə alqığı mülkündə gününü keçirsin. Əminəm ki, tez bir zamanda o, vəzifəsilə vidalaşmalı olacaq, ancaq bu yetərli deyil. Onun barəsində ciddi hüquqi araşdırmanın aparılmasına da ehtiyac var”.

  • Fazil Mustafa: “Elə vəziyyət yaranıb ki, cəmiyyətin qabağına çıxacaq yaxşı nazir obrazını çətinliklə tapa bilirik”

Elmar Məmmədyarovun fəaliyyətini zamanında sərt tənqid edənlərdən biri olan digər millət vəkili Fazil Mustafa da “Bakı-Xəbər”ə açıqlamasında vaxtilə yanılmadığını bildirdi: “Bugünlərdə mənim çıxıb küçələrdə Qarabağa getməyi tələb edən adamlarla bağlı yazım çıxmışdı. Onlara təklif etmişdim ki, belə niyyəti olanlar mütləq səfərbərlik idarələrinə müraciət etməlidir. Cənab Prezident son çıxışında məhz bu məqama toxundu. Mən gördüm ki, mövqelərimiz tam üst-üstə düşdü. Ölkə başçısı haqlı olaraq vurğuladı ki, emosiya ilə Qarabağa dəstək olmur, proses qanuni şəkildə aparılmalıdır. Xarici işlər nazirinin fəaliyyəti ilə də bağlı bizim zamanımızda söylədiyimiz iradlarla ölkə başçısının fikirləri üst-üstə düşdü. Mən bir neçə ay əvvəl yazmışdım ki, Azərbaycan XİN ATƏT-in Minsk Qrupunun bir filalı kimi fəaliyyət göstərir. Həmin yazımda bütün neqativlikləri qeyd etmişdim. Hətta XİN-in korrupsiya, rüşvət yuvasına çevrildiyini də bildirmişdim. Bu iddialarım da DTX-nın keçirdiyi əməliyyat nəticəsində öz təsdiqini tapmış oldu. Görünən budur  ki, artıq ictimai rəyin dinlənilməsi mühiti yaranıb. Qaldırılan təşəbbüslərin araşdırıldığı qənaətinə gəlirik. Prezident göstərdi ki, yerində olmayan adamlar nə qədər böyük problemlər yaradırlar. Çox güman ki, bu adamı vəzifəsindən azad edəcəklər. Amma bu o demək deyil ki, biz ictimai nəzarəti zəiflətməliyik. Bütün neqativlikləri ifşa etməkdə davam etməliyik. Ölkədə müharibə gedir, bu adamı yerində tapa bilmirlər. Xarici siyasətlə bağlı elə məqamlar var ki, onu dərhal dünya ictimaiyyətinə çatdırmaq lazımdır.  Prezidentin bu çıxışı bir daha sübut etdi ki, yarıtmaz məmurlarla vidalaşmağın zamanı çatıb. Elə vəziyyət yaranıb ki, cəmiyyətin qabağına çıxacaq yaxşı nazir obrazını çətinliklə tapa bilirik. Hərə öz sahəsində fəal olmalıdır. Biz bunun əksini görürük. Ancaq ölkə başçısı çıxıb hər xırda detala reaksiya verir.  Hərə öz sahəsində cəmiyyətlə təmasda, dialoqda olmalıdır. Pandemiya dönəmini bəyanə etmək lazım deyil. Virtual vasitələrlə bunu etmək olar. Sanki kimsə vəziəyə təyin olunana qədər fəal olur, sonra yoxa çıxır. Rahat kresloda hamı oturub mürgüləyə bilər. Bu başqa vəzifə sahiblərinə də aiddir. Bu dövlət 5-6 nəfərin deyil axı. Kritik məqamda hamı dövlətçiliyi qorumalıdır. Sonuncu yürüşlə bağlı biz nəyi gördük? Bəzi jurnalistlər məlumat verdi ki, “xalq parlamentə girdi”. Parlamentə girən cinayətkarın xalqla nə əlaqəsi ola bilər? Demək istədiyim budur ki, hərə öz üzərinə düşən vəzifənin öhdəsində layiqincə gəlsə, belə problemlər də yaşanmaz”.

Elmar Məmmədyarovu bir müddət əvvəl tənqid edən deputatlardan biri də Cavanşir Feyziyev olub. Təəssüf ki, onunla əlaqə saxlayıb, bu məsələyə münasibət öyrənmək cəhdlərimiz alınmadı.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər