Azərbaycan dövləti tərəfindən gerçəkləşdirilən koronavirusla mübarizə tədbirləri ölkənin muğam ictimaiyyətinin də rəğbətinə səbəb olub.
Bakı şəhərindən M.Maqomayev adına 26 saylı musiqi məktəbinin muğam müəllimi Abdullayeva Kamilə Soltan qızı Prezident İlham Əliyevə ünvanladığı müraciətdə həm virusla mübarizə tədbirlərinin verdiyi müsbət effektdən, həm də Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğama qayğısından söhbət açır. O yazır ki, bu məktubu uzun illər xalqımızın milli sərvəti olan muğam sənətinin inkişafına xidmət edən bir ailənin üzvü kimi yazmağı özünə borc bilib. “İlk olaraq onu qeyd edim ki, həyat yoldaşım mərhum xanəndə, muğam ustadı Vahid Abdullayev ömrünün böyük hissəsini muğam sənətinin təbliğinə və inkişafına sərf edib...
Son illərdə ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyilə muğam sənətinə artan maraq, dövlət miqyasında muğam sənətinin inkişafı naminə göstərilən diqqət muğama yeni həyat, yeni bir nəfəs verdi” - deyə qeyd edən K.Abdullayeva, həmçinin, məktubunda Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən antivirus tədbirlərindən də danışıb. “...Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz tədbirlər, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması və ümumiyyətlə, bu istiqamətdə atdığınız bütün addımlar dövlətimizlə vətəndaş arasında olan birliyin bariz nümunəsidir” - deyə K.Abdullayeva qeyd edib.