Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Qoşulmama Hərəkatının Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə çağırılan "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda virtual zirvə görüşündə iştirak edəcək. Bunu Kubanın Bakıdakı səfiri Alfredo Fidel Nieves bildirib. Qeyd edək ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsünün yekdilliklə dəstəklənməsi çox müsbət addım kimi dəyərləndirilə bilər. Görünən budur ki, pandemiya ilə mübarizə dönəmində Azərbaycan beynəlxalq həmrəylik və inteqrasiya proseslərinə ciddi töhfələr verməkdə davam edir. Xatırladaq ki, İlham Əliyevin təşəbbbüsü və sədrliyi ilə bundan əvvəl də analoji formatda videokonfrans keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsini qeyd edə bilərik. Həmin Zirvə görüşü də koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olundu. Görüşə Ümumdünya Səhiyyə Təşkilatının sədri də qatılmışdı. Azərbaycanın koronavirusla mübarizə sahəsində nümayiş etdirdiyi beynəlxalq əməkdaşlıq formatları nəyi deməyə əsas verir? Görünən budur ki, Bakı prosesi, Beynəlxalq Humanitar Forum və digər tanınmış beynəlxalq platformalara ev sahibliyi edən Azərbaycan koronavirusla mübarizədə də dünyaya öz töhfəsini verir. Belə ki, dövlət başçısının təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfransı, mayın 4-ə isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videogörüş buna əyani nümunədir. Bu təşəbbüs bir daha onu göstərdi ki, Azərbaycan ümumbəşəri dəyərləri yaşadan, eyni zamanda ixrac edən bir ölkədir. İndiyə qədər siyasi, iqtisadi və mədəni sahələrdə yaxın əlaqələri özündə ehtiva edən beynəlxalq qurumlar koronavirusla birgə mübarizə üçün də önəmli bir platforma olduğunu nümayiş etdirmiş oldular. Dövlət başçısının təşəbbüsü ilə aprelin 10-da koronavirus pandemiyasına qarşı keçirilən fövqəladə videokonfransa Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun da qoşulması Azərbaycanın beynəlxalq aləmdə olan böyük nüfuzunun göstəricisidir. Eyni zamanda, bu videokonfranslar bir çox dövlətlərin bir-birini ittiham etdiyi müasir dövrdə bütün dünyaya həmrəylik, birlik mesajıdır. Təsadüfi deyil ki, videokonfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Azərbaycan hökümətinin vəziyyətə adekvat olaraq atdığı addımları yüksək qiymətləndirdi. Azərbaycan dövlətinin hələ pandemiya başlayana qədər səhiyyə sahəsində göstərdiyi böyük diqqət sayəsində 750-dən çox səhiyyə ocağının tikilməsi və ya təmir edilməsi bu mübarizədə effektiv addımlar atmaq üçün geniş imkanlar yaradıb. Diqqət çəkiləcək önəmli məqamlardan biri də budur ki, Azərbaycan yüksək bəşəri dəyərləri təkcə özündə yaşatmır, eyni zamanda bunu dünyaya ixrac edir. Məhz dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizə Fondu yaradılandan sonra dünyanın bir sıra ölkələrində buna bənzər fondlar fəaliyyətə başladı. Bir çox ölkələrin bizdən götürdüyü nümunə ölkəmizin dünyadakı böyük rolundan xəbər verir.
Məhəmmədəli QƏRİBLİ