Azərbaycana yönəlik növbəti qərəzli münasibətin şahidi olduq. 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanı jurnalistlərə qarşı təzyiqlərə son qoymağa çağırıb. Bəzi ölkələr kimi, guya Azərbaycanda da COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər.
3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunur ki, bəzi ölkələrdə pandemiya ilə bağlı yazı yazan jurnalistlər həbs edilirlər: “Bu görünməmiş dövrdə jurnalistlərin və KİV işçilərinin sərbəst və cəza təhlükəsi olmadan çalışa bilməsi hər zaman olduğundan daha vacibdir. Təəssüf ki, jurnalistlər bütün ATƏT regionunda həbsxanadadır, Rusiya, Azərbaycan və Macarıstan kimi ölkələr COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər. Müstəqil KİV guya yalan, ictimaiyyəti çaşdıran və ya qeyri-rəsmi məlumatlara görə cəza adı altında hücumlara məruz qalır. Bütün dünyada jurnalistlər həqiqəti söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını risqə atırlar”.
Göründüyü kimi, müəyyən dairələr Azərbaycana yönəlik qərəzli fəaliyyətlərini davam etdirirlər. Yeri gəldi-gəlmədi, ölkəni media azadlıqlarını məhdudlaşdırmaqda əsassız olaraq ittiham edirlər.
“Hesab edirəm ki, məhz erməni lobbisinin sifarişinə əsasən Azərbaycanla bağlı belə qərəzli bəyanat qəbul olunub”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ABŞ Konqresinin Helsinki Komissiyasının məlum bəyanatı obyektivlikdən tamamilə uzaq yanaşmadır: “Koronavirusdan yazan jurnalistlər Azərbaycanda təqib olunmurlar. Bu, sadəcə, Azərbaycanı istəməyən müəyyən dairələrin uydurmasıdır. Bundan əvvəl insan haqlarının müdafiəsindən danışan bəzi beynəlxalq təşkilatlar belə əsassız fikirlərlə çıxış etdilər. Görünən odur ki, Helsinki Komissiyası da onlara qoşulub. Həmin təşkilatlar tamamilə yarıtmaz fəaliyyətlə məşğuldurlar. Buna başqa ad vermək mümkün deyil. Nəzərə alsaq ki, ABŞ Konqresinidə erməni lobbisi güclüdür, o zaman Helsinki Komissiyasının onların əlində bir alət olmasına zərrə qədər şübhə yoxdur. Hesab edirəm ki, məhz erməni lobbisinin sifarişinə əsasən Azərbaycanla bağlı belə qərəzli bəyanat qəbul olunub. Obyektivlikdən uzaq olan bu yanaşma yalnız subyektiv mülahizələrə əsaslanır. Koronavirusla bağlı məlumat yayan jurnalistlər həbs və ya təqib olunsaydılar, o zaman bunu gizlətmək mümkün olmazdı. Sözügedən təşkilatların belə məlumatlar yaymaqda məqsədi Azərbaycanı nüfuzdan salmaqdır. Azərbaycanda yetərincə mətbuat azadlığı təmin olunub və koronavirusa görə media təmsilçiləri təqib edilmir. Bu gün ölkəmizdə kifayət qədər uğurlu bir mətbuat modeli formalaşıb. Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir. Belə olan halda, hansı məhdudiyyətlərdən söhbət gedə bilər? Ona görə də belə fikirlər cəfəngiyyatdan başqa bir şey deyil”.
Vidadi ORDAHALLI