“Dünyanın bütün ölkələrinin dəhşətli koronavirus bəlası ilə üz-üzə qaldığı bir şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz, qabaqlayıcı və ardıcıl tədbirlər xalqımızın bu dəhşətli fəlakətdən ən az itki ilə çıxmasına yönəlib. Bu məqsədlə ölkəmizdə ayrı-ayrı istiqamətlər üzrə gerçəkləşdirilən kompleks tədbirlər, sosial izolyasiya və karantin rejimi qaydaları, əhalinin sosial müdafiəsinə göstərilən dövlət dəstəyi, iqtisadiyyatın müəyyən sahələrinin fəaliyyətində dayanıqlığın qorunub saxlanılması və digər fəaliyyət proqramları öz səmərəsini verməkdədir”.
Bu fikirlər YAP-ın İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri Nizami Xudiyevin Prezident İlham Əliyevə ünvanladığı məktubda əks olunub.
Tanınmış elm xadimi, həmçinin, Prezidentə yazır ki, kütləvi informasiya vasitələrində genişmiqyaslı maarifləndirmə işlərinin aparılması, vətəndaşlarımızın sağlamlığının qorunması və müalicəsi üçün az bir vaxtda müəssisə və klinikaların inşa edilməsi, ölkəmizdən kənarda olan soydaşlarımıza dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi və digər tədbirlər Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin və yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir: “Bütün bu tədbirlər kompleksi öz müsbət təsirini göstərməkdədir. Dünyanın bir sıra ölkələri ilə müqayisədə respublikamızda koronavirus pandemiyasına qarşı mübarizənin dinamikasında müsbət təzahürlər müşahidə olunur. Mən milyonlarla Azərbaycan vətəndaşından biri kimi ölkəmizin çox ağır bir sınaqla üzbəüz qaldığı bir şəraitdə Sizin ardıcıl və qətiyyətli şəkildə davam edən fəaliyyətinizi bəyənir və müdafiə edirəm. İnanıram ki, xalqımız və dövlətimiz bu sınaqdan uğurla çıxacaq. Sizə və xalqımıza sağlam həyat və firavanlıq arzu edirəm”.
Xəbər xidməti