Pandemiya dönəmində vətəndaşların sağlamlığının, təhlükəsizliyinin, habelə sosial dayanıqlığının təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin verdiyi sərəncam və fərmanlar, qəbul etdiyi qərarlar Qazax ictimaiyyəti tərəfindən də yüksək dəyərləndirilir.
Qazax rayonunun Canalı kəndinin sakini Səfərov Orxan Prezident İlham Əliyevə yazdığı məktubda bu məqamları önə çəkib: “…Pandemiya ilə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda da çox yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Sərhəd bölgəsində yaşayan kənd sakinlərinin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin, xüsusi qayğıya ehtiyac duyan ahıl insanların və sosial təminat baxımından digər həssas təbəqələrin ehtiyacları yüksək səviyyədə qarşılanmaqdadır”.
O, həmçinin, bildirir ki, Qazax rayonunun bütün ictimai fəalları ölkədə gedən siyasi prosesləri daim izləyir, onlar Prezidentin çağırışına yüksək səviyyədə cavab verirlər: “Biz qazaxlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınızı bir şüara çevirmişik, Azərbaycan xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik”.