Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dialoqda siyasi və tarix sahəsindəki savadsızlığı ilə dünya qarşısında biabır olan Paşinyan Azərbaycanı qaralamağın yeni yollarını, üsullarını yerli mediaya diqtə etməkdədir. İlham Əliyev tərəfindən erməni Baş nazirinin savadsızlığının bu şəkildə ifşa olunmasını nə özü, nə də tərəfdarları həzm edə bilir. Odur ki, erməni mətbuatı Azərbaycana qarşı qaralama kampaniyasını davam etdirir.
Bu azmış kimi, Prezident İlham Əliyevin Tovuz rayonunda Tarix-diyarşünaslıq muzeyinin açılışında məlum xəritə ilə bağlı fikirlərini, eləcə də bu fikirlərin səsləndirildiyi məkanı ermənilər təhrif edir, saxtalaşdırırlar. Belə ki, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasını təmsil edən deputatı Tatevik Ayrapetyan qondarma iddialarla çıxış edib. Saxtakarlığa əl atan deputat Azərbaycan Prezidentinin fikirlərini tam saxtalaşdıraraq qeyd edib ki, guya ölkə başçımız qədim xəritədə Sisiyan və Urartu adını görüb və Azərbaycan sözünü tapa bilməyib. Özü də iddia edib ki, guya Prezident İlham Əliyev bu fikri Milli Məclisdəki çıxışında qeyd edib. Əslində isə bu tamamilə yanlışdır və Azərbaycan Prezidentinin iradı tamam başqa bir məsələ ilə, yəni Azərbaycanın Bərdə, Qəbələ, Naxçıvan və digər qədim şəhərlərinin adlarının xəritədə əks olunmaması ilə bağlı idi. Özü də o,bu fikirləri Milli Məclisdə deyil, Tovuzda, Tarix-diyarşünaslıq muzeyinin açılışında bildirib.
“Prezident İlham Əliyevin fikirləri tamamilə saxtalaşdırılıb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, erməni deputatın və erməni mediasının Prezident İlham Əliyevin fikirlərini saxtalaşdırması, kontekstindən çıxarması qətiyyən yolverilməzdir. “Ölkə başçısının Tovuz Tarix-diyarşünaslıq muzeyində xəritə ilə bağlı səsləndirdiyi iradlar tamamilə haqlı iradlardır. Xəritədə Qüzey Azərbaycanın şəhərlərinin, cografi yer adlarının olmamasına ölkə başçısı belə irad bildirdi. Xəritədə Şərqi Anadolunun və Qərbi Azərbaycanın bir hissəsində yerləşən Urartu göstərilib. Urartu da bizim qədim dövlətlərimizdən biridir. İndiki Ermənistan dövləti də bizim ərazilərimizdə yaradılıb. Ermənilər bunu heç zaman unutmasınlar. O xəritədə Azərbaycan şəhərlərin tam əks olunmaması diqqəti çəkirdi. Söhbət bundan gedir. Bizim xəritədəki nöqsanlardan ermənilərin sui-istifadə etməsi, Prezidentin fikirlərini saxtalaşdırmaqla yanaşı, həm də onun səsləndirildiyi məkanı da təhrif etməsi, əlbəttə, yolverilməzdir. Prezident İlham Əliyevin fikirləri tamamilə saxtalaşdırılıb. Ermənilər hər zaman çalışırlar ki, Azərbaycan tərəfi “günahkar” çıxarıb özlərini haqlı tərəf kimi göstərsinlər”.
Bununla belə, F.Ələkbərli hesab edir ki, xəritələri hazırlayan təşkilatlar qədim, orta əsr və sonrakı dövrlərdə Azərbaycan ərazisində mövcud olan bütün dövlətlərin adlarını dəqiqliklə qeyd etməlidirlər. Bunun çox həssas məsələ olduğunu deyən F.Ələkbərli bildirdi ki, Kuti, Manna, Midiya, Albaniya və digər qədim dövlətlər kimi, Urartu da bizə aiddir. Bu gün haylar Urartunu mənimsəməyə çalışırlar. “Bu da, əlbəttə, saxtakarlıqdır. Təəssüf doğuran hal odur ki, kitablar, xəritələr hazırlanarkən bu işi iş bilənə tapşırmırlar. Halbuki, bu işləri mütəxəssislər görməlidirlər. Tarix kitablarında da, xəritələrdə də ciddi nöqsanlar var, onların hansı ideologiyanın təsiri altında bunu hazırladıqları məlum deyil. Tarix dərsliklərini və xəritələri hazırlayanlar Prezidentin iradından ciddi nəticə çıxarmalıdırlar” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA