Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir. Siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.
İşğalçı ölkə münaqişənin sülh yolu ilə həll edilməməsi və mümkün qədər uzanması üçün bütün təxribatlara əl atır. Son vaxtlar ermənilərin cəbhədə mütəmadi olaraq təxribatlara əl atması deyilənlərə əyani sübutdur. Beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həlli beynəlxalq birlik tərəfindən dəstəklənir. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasıdır. Bu yanaşma tərəflər arasında münasibətlərin normal axara düşməsinə və sülhə nail olunmasına imkan verən əsas çərçivədir. Lakin işğalçı Ermənistan tərəfi illərdir işğalçı siyasətini həyasızcasına davam etdirməkdədir.
O da məlumdur ki, Çində 2019-cu ilin sonlarında başlayan koronavirus xəstəliyinin son növü həyatlara son qoymağa davam edir və bütün dünyada sürətlə yayılır. Xəstəlik halları Çindən başqa, Cənubi Koreya, Tayvan, Yaponiya, Sinqapur, Tailand, İran, İtaliya, ABŞ və digər ölkələrdə aşkarlanıb. Bu səbəbdən dünyanın bütün diqqəti koronavirusla mübarizə tədbirləri üzərində fokuslanıb. Virusun yayılmasının qarşısını almaq üçün müxtəlif səylər göstərilir. Heç şübhəsiz ki, bütün bunlar bir sıra münaqişələrin, o cümlədən, Qarabağ münaqişəsinin həllinə olan diqqəti azaldır. İstər-istəməz, münaqişənin həllini arxa plana keçirir. Bu baxımdan maraqlıdır, ekspertlər bütün bunları necə dəyərləndirirlər? Koronavirusla mübarizə dövrünün uzanması Qarabağ sülh prosesinə hansı təsirləri göstərəcək?
“...hərbi əməliyyatların başlanma risqini artırır”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, virusla mübarizənin uzanması münaqişənin həllinə mənfi təsir edir: “Məsələ ondadır ki, bütün dünya üçün qlobal problem və mahiyyət kəsb edən koronavirus təkcə tibbi baxımdan deyil, sosial-iqtisadi, siyasi və geosiyasi virus kontekstində artıq qəbul edilir. Bu anlamda virusun yayılma təhlükəsinin böyük olması səbəbindən dövlət başçıları xarici səfərləri təxirə salırlar. Kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur. Hətta olimpiada və futbol çempionatlarının keçirilməsi ilə bağlı məsələlərə yenidən baxıla bilər. Bu kimi proseslər, təbii ki, Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə, konfliktə diqqətin yönəldilməsinə mənfi təsir edir. Bundan beynəlxalq qurumlar bir bəhanə kimi də istifadə edə bilər. Çünki ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin həlli ilə bağlı ciddi addımlar atılacaqsa, prinsip etibarilə, koronovirusla mübarizə prosesi buna mənfi təsir etməməlidir. Çünki bu təşəbbüslər, ən azından, prosesin hərbi müstəviyə keçməsinin qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, danışıqların dondurulması müharibə risqini artırır. Ona görə də koronavirusla mübarizə prosesi Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara təsir etməməlidir. Bunun danışıqlara təsiri hərbi əməliyyatların başlanma risqini artırır”.
Vidadi ORDAHALLI