ABŞ Dövlət Departamenti martın 11-də özünün 2019-cu il üçün illik İnsan Haqları Hesabatını açıqlayıb. Bu hesabatda İran, Çin və Venesuelada insan haqlarının vəziyyəti kəskin tənqid olunur. Hesabatda, ümumilikdə, 200 ölkə və ərazidəki vəziyyət qiymətləndirilir.
Hesabatın Azərbaycana aid hissəsində isə deyilir ki, guya ölkədə insan haqlarının sistematik və kobud şəkildə pozulması ötən il də davam edib. Sənəddə insan hüquqları, işgəncələr, qanunsuz həbslər, siyasi məhbuslar, şəxsi həyata müdaxilə, məhkəmə hakimiyyətinin müstəqil olmaması problemi, söz, mətbuat və internet azadlığının ciddi şəkildə məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin təqibi və həbsi və digər məsələlər əksini tapıb. İddia olunur ki, Azərbaycan hökuməti insan hüquqlarını pozan vəzifəli şəxslərin əksəriyyətini cəzalandırmayıb, onların cəzasızlığı problem olaraq qalır.
Ən qəribəsi odur ki, Dövlət Departamentinin hesabatında Azərbaycanda məhbusların saxlanma şəraitinin yaxşı olmamasından bəhs edilib. Guya məhbuslar həbsxanalarda həyat üçün təhlükəli olan saxlanma şəraiti mövcuddur. Hansı ki, bu sahədə ötən illər xeyli iş görülüb. Məhbusların saxlanma şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
“İctimai Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlının sözlərinə görə, hesabatda səslənən fikirlər həqiqəti əks etdirmir: “O cümlədən, məhbusların saxlanma şəraiti ilə bağlı səslənən tənqidi fikirlər reallıqdan uzaqdır. Çünki cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti normal vəziyyətdədir. Bununla bağlı ötən illər ərzində çoxsaylı iş görülüb. Guya bununla bağlı onların vəziyyətinin dözülməz olması ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir. İctimai Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir. Orada saxlanan məhkumlarla tez-tez əlaqə saxlayırıq. Bizim məhkumlarda əlaqə telefonlarımız var. Hər hansı bir hadisə baş verəndə, çətinliklə üzləşəndə, məhbuslar bizimlə əlaqə saxlayırlar. Hətta qriplə bağlı məsələlər də diqqət mərkəzindədir. Bir şey olanda İctimai Komitə bunu araşdırır və müvafiq orqanlarla əlaqə saxlayır, ölçülər götürülür. İndiki halda, cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti yaxşıdır. Yeri gəlmişkən onu da qeyd edim ki, qadın məhbusların saxlandığı cəzaçəkmə müəssisəsi yenilənir. Yəni əvvəlki həbsxana köhnə olduğuna görə yenisi tikilir. Bütövlükdə, cəzaçəkmə müəssisələrində yaranan nöqsanlar aradan qaldırılır”.
Vidadi ORDAHALLI