Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 5555 manat dəyərində ehtiyat hissələrini oğurlayıb metal qəbulu məntəqəsinə satan şəxslər saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər sakini F. Hüseynov polisə müraciət edərək, Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən ona məxsus traktor ehtiyat hissələri mağazasından müxtəlif vaxtlarda 5555 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirib. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri Mail Fərziyev və Tural Muradlı olduğu müəyyən edilib. Hər iki şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, müxtəlif vaxtlarda oğurladıqları ehtiyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satıb.
Faktla bağlı araşdırma aparılır