DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdiyi başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar.
Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etmədikləri araşdırılır.