Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının nasosları oğurlanıb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft nasosunun naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.
İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon sakini Elnur Ağayev saxlanıb. Hər iki şəxs ifadələrində 5 ədəd nasos oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildirib. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Hazırda saxlanan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.