Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib. Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət edərək, evdə olmadığı müddətdə mənzilindən 12500 ABŞ dolları pulun oğurlandığını bildirib. Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanıb.
Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi ənməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O. ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.
Faktla bağlı saxlanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Səbail RPİ -yə müraciət edə bilərlər.