Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Trend”in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cahangir Hacıyev və Dünyamin Xəlilov son söz deyib. D.Xəlilov bildirib ki, Beynəlxalq Bankdan götürülmüş kreditlər xaricdəki layihələrə sərf edilib: “Hər hansı mənimsəmə və talama cinayətində iştirak etməmişəm. Barəmdə bəraət hökmü çıxarılmasını tələb edirəm”.
C.Hacıyev isə son sözündə bildirib ki, ona qarşı irəli sürülən 4 milyardlıq ittiham şişirdilib. O bildirib ki, bankın pulunu mənimsəməyib: “Mən bankın pulunu mənimsəməmişəm. Barəmdə bəraət hökmü çıxarılsın”.
Məhkəmə son sözlərdən sonra müşavirəyə yollanıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.