Azərbaycan gömrükçüləri qanunsuz yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasına görə, buna Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən tədbir nəticəsində nail olunub. Əməliyyat tədbiri İran İslam Respublikasından qanunsuz yollarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin “Famil” adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.
Salyan şossesi, Noxudlu yolunun kənarında yerləşən restoranın qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə sözügedən əraziyə gəlib və avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanıb.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.