DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş, yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən, hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27 min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patron və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb. Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.