Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.
Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, onun imzası ilə şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verilməyib.
M. Mahmudovun vəkili İlhamə Həsənova poliuretan məhsullarının oda davamlığını sınaqdan keçirən ekspertlərin məhkəməyə şahid qismində dəvət edilməsini istəyib.
Məhkəmədə elan olunub ki, Binəqədidə binanın yanması nəticəsində ümumilikdə dəyən ziyan 2 milyon 951 min manat təşkil edir.
Prosesdə Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyi açıqlanıb. Rəydə qeyd edilib ki, üzlüklərin hazırlanmasında istifadə olunan avadanlıqlara kənar müdaxilə qeyri-mümkündür.
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinin başa çatdığı bildirilib.
Proses dekabrın 13-də davam etdiriləcək.