Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda və satışında şübhəli bilinən rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Elçin Haqverdiyev saxlanılıb. Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb. Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Şəfiyev rayonun Alekseyevka kəndi ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən baxış zamanı F.Şəfiyevdən sellofan torbada təmiz çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.