Karantin günlərində müvafiq icazə olmadan qanunsuz yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gedən şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qanunsuz yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazəsi olmadan Lerik rayonuna gedərək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Gəncə və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar cərimə olunub.
Qarşıdakı dönəmdə bu cür qayda pozuntuları təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Hazırladı: Zümrüd VƏLİYEVA