Ruslan Atakişiyev: “Buğda idxalı və satışı vergidən azad olunarsa, bu, həmin məhsulun istehsalının artmasına səbəb olacaq”
Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin, buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur. Belə bir təklif Milli Məclisdə səsləndirilib. Qeyd edək ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklərlə vergidən azad etmənin 2019-cu il martın 1-dən uzadılması nəzərdə tutulub.
Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azad etmə 3 il müddətinə uzadılıb.
Maraqlıdır, Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin, buğda unu və çörəyin istehsalı və satışı daha 1 il müddətinə əlavə dəyər vergisindən azad olunarsa, bu, çörəyin qiymətinə təsir edərmi?
İqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vergilər Məcəlləsinə bir sıra sahələr üzrə dəyişikliklərin olması təklif olunur. Onlardan biri də buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad olunmasıdır: “İstehsal prosesinin vergidən azad olunması nəzərdə tutulmur. Ancaq buğdanın idxalı, satışı və eynilə çörəyin də istehsalı və satışının vergidən azad olunması bildirilir.
Daha bir il müddətinə buğda idxalı və satışı vergidən azad olunarsa, bu, həmin məhsulun istehsalının artmasına səbəb olacaq. Həmçinin, satış qiymətinə də müsbət təsir edər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, vergi güzəştlərinin tətbiqi həm də bu sahə ilə məşğul olan sahibkarların xeyrinə olacaq.
Günel CƏLİLOVA