Fikrət Yusifov: “Bu il ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarımız yüksəkdir”
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən nominal ifadədə 5,1% artaraq 7619,7 mln. manata çatıb. Qeyd edək ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur.
İlin ilk iki ayında isə Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib. Bu isə o deməkdir ki, gəlirlər inflyasiyanı üstələyir. Statistik məlumatlara görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,2% - 772,2 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 mlrd. 952 mln. manat qalıb ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,2% çoxdur.
Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlir isə illik müqayisədə 4,2% artaraq 772,2 manat təşkil edib.
Cari ilin ilk iki ayında əhalinin maddi gəlirinin artması barədə fikir bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar ölkə iqtisadiyyatında yaşanan artım əhalinin gəlirinə də təsir edib: “Bu il ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarımız yüksəkdir. Sevindirici haldır ki, tək yerli mütəxəssislər, təşkilatlar deyil, eyni zamanda, beynəlxalq agentliklər də 2019 və qarşıdakı illərdə ölkə iqtisadiyyatında və əhalinin gəlirində artımın olacağını öz hesabatlarında bəyan ediblər.
Nəzərə almaq lazımdır ki, ötən illər ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı üçün yaxşı bünövrə qoyulub. Məlumdur ki, Prezident İlham Əliyev iqtisadiyyatın inkişafı istiqamətində silsilə sərəncamlar imzalayıb. Bu sərəncamların icrası həm iqtisadiyyatın inkişafına, həm də əhalinin gəlirinə müsbət təsir edib”.
Həmsöhbətimiz onu da vurğuladı ki, 2019-cu ilin ilk iki ayı ərzində büdcəyə proqnozlaşdırılandan artıq vəsait daxil olub. Hesablamalara görə, büdcəyə əlavə olaraq 105 milyon manat vəsait daxil olub: “Nəzərə almaq lazımdır ki, 2019-cu ilin büdcə xərci 2017-ci ilin büdcə xərcindən 8 milyard 200 min manat artıq nəzərdə tutulub. Bu isə 50 faizə qədər artım deməkdir. Artım iqtisadiyyatda baş verən pozitiv proseslər hesabına yaranır”.
Günel CƏLİLOVA