Fuad İbrahimli: “Əhalinin maddi durumunun yaxşılaşması üçün təbii qaz limiti ya ləğv olunmalı ya da aşağı salınmalıdır”
Milli Məclisin ötən iclasında deputatlar hökumətə əhali qrupu üzrə istehlak olunan təbii qazla bağlı limitə yenidən baxmağı təklif edib.
Millət vəkili Musa Qasımlı Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər. O, hökumətin bu məsələyə baxmasını istəyib.
Deputat Fəzail Ağamalı da deyib ki, deputatlara təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir: “Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidir və bu da ölkəmizdə tətbiq oluna bilər”.
Qeyd edək ki, Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.
Təbii qaz limitinin ləğv olunması təkliflərini ekspertlər də dəstəkləyir.
İqtisadçı ekspert Fuad İbrahimli baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, hazırda ölkə iqtisadiyyatı imkan verir ki, qiymətdə differensial yanaşma aradan qaldırılsın. Məlumdur ki, təbii qazın illik vətəndaşlara istehlak həcmi 1700 kubmetr olan hissəsinin qiyməti 10 qəpik, limit keçdikdən sonra hər kubmetrə görə vətəndaşlara qazın dəyəri 20 qəpiklə hesablanır: “Yaxşı olar ki, vətəndaş 10 qəpiklik limiti keçəndən sonra qazın dəyəri 20 qəpiklə deyil, 15 qəpiklə hesablansın.
Bəllidir ki, son zamanlar ölkədə sosial layihələr həyata keçirilir. Güzəştlər tətbiq olunur, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində müəyyən işlər görülür. Əhalinin maddi durumunun yaxşılaşması üçün təbii qaz limiti ya ləğv olunmalı ya da aşağı salınmalıdır”.
Günel CƏLİLOVA