Məlum olduğu kimi, Azərbaycan və İran birgə avtobus istehsal edəcək. Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda ehtiyat hissələrinin istehsalı ilə bağlı Azərbaycan və İran arasında razılıq əldə olunub. Bunu Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.
Azərbaycan və İranın birgə istehsal etdiyi avtobusun ölkə iqtisadiyyatına əhəmiyyəti barəsində danışan iqtisadçı ekspert Əli Əlirzayev baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, Azərbaycanla İranın birgə avtomobil və avtobus istehsal etməsi olduqca perspektivli sahədir. Çünki həmin nəqliyyat vasitələrinə həm Azərbaycan, həm də İran bazarında böyük tələbat var: “Birgə avtobus istehsal olunması hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etməsinə səbəb olacaq. Yeni iş yerləri açılacaq, əhalinin məşğulluğu təmin olunacaq”.
İqtisadçı onu da vurğuladı ki, Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobillərin ixracı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Günel CƏLİLOVA