Əkrəm Həsənov: “Yeni ildən etibarən bütün kollektorlar fəaliyyətlərini dayandırmalıdırlar, əks halda, qanunvericiliyin tələbini pozmuş olacaqlar”
Ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı yaşanan problemlər də davam edəcək. Bəllidir ki, kollektorlar bəzi banklarla əlbir olub, krediti qaytarmaqda çətinlik çəkən vətəndaşlara hədə-qorxu gələrək, onlardan pulu tələb edirlər. Hətta el arasında bank kollektorlarını “bank qoçuları” adlandırırlar. Krediti qaytarmaqda çətinlik çəkən vətəndaşların həyatını zülmə çevirən “bank qoçuları”nın fəaliyyəti, əslində, qanunsuz imiş.
Bu günlərdə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev bildirib ki, bəzən banklar vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə edirlər: “Halbuki, onların fəaliyyəti, əslində, qanunsuzdur. Bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər”.
Bank kollektorlarının fəaliyyətinin qanunsuz olması barədə danışan bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kollektorlar qanunsuz fəaliyyət göstərirlər: “Palatanın nümayəndəsi bank kollektorlarının qanunsuz fəaliyyət göstərdiyini düzgün olaraq qeyd edib. Banklar borclu müştəri haqqında məlumatı kollektorlara verərkən bank sirrini pozmuş olurlar. Mövcud qanunvericiliyə görə, bank öz müştərisinin banka nə qədər borcunun olması, ümumiyyətlə, kredit əməliyyatları haqqında məlumatı yalnız kredit götürənin özünə verə bilər. Həmçinin, borclu vətəndaş haqqında məlumatı qanunla nəzərdə tutulmuş dövlət orqanlarına verə bilər. Onu da qeyd edim ki, bank məhkəmə prosesinin aparılması üçün öz nümayəndəsinə məlum informasiyanı verə bilər. Kollektorlar indinin özündə belə bu vəziyyətdən istifadə edirlər. Banklar borclu vətəndaş haqqında məlumatı kollektora verirlər. Beləliklə, kollektor borclu vətəndaşın gününü qara etməyə başlayırlar. Bəzi hallarda, kollektorlar vətəndaşları görüşə çağıraraq onlara zor belə tətbiq ediblər”.
Həmsöhbətimiz onu da bildirdi ki, 2018-ci il yanvarın 1-dən etibarən məhkəmələrdə bankları ya bankın işçiləri, ya da vəkillər təmsil edəcəklər. Yeni ildən etibarən kollektorlar məhkəmələrdə bankları təmsil edə bilməyəcəklər: “Gələn ildən etibarən kollektorların fəaliyyəti dayandırılmalıdır. Hansısa bank bu qaydaya əməl etməsə, qanunvericiliyin tələbini pozmuş olacaq. Bank yenə də müştəri haqqında məlumatı kollektora versə, artıq bank sirrini pozmuş olması açıq-aşkar ictimaiyyətə bəlli olacaq. Belə olan halda, vətəndaşın ixtiyarı var ki, həmin bankı məhkəməyə versin.
Ə.Həsənov bildirdi ki, yeni ildən bütün kollektorlar fəaliyyətlərini dayandırmalıdırlar: “Onlara indidən xəbərdarlıq edirəm, yeni ildən fəaliyyətlərini dayandırmasalar, onları və bankları bir-bir ifşa edib haqlarında hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, sonuncular dövlət başçısının imzaladığı son qanunun icrasına ciddi nəzarət edəcəklər. Kollektorların borclulara zəng etmək, harasa çağırmaq və s. hüququ artıq yoxdur”.
Günel CƏLİLOVA