Pərviz Heydərov: “2018-ci ildən indeksləşdirmə hər bir pensiyaçının aldığı pensiya məbləğinin hamısına tətbiq ediləcək, bu isə əmək pensiyalarının orta aylıq məbləğinin artmasına səbəb olacaq” Rəşad Həsənov: “Əmək pensiyalarının orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub”
Xəbər verildiyi kimi, gələn il əmək pensiyalarının orta aylıq məbləği 6,9 % artacaq. Milli Məclisin plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən bildirib ki, gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə 1,9 mln. manat artım gözlənir: “Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur”.
İ.İsayev əlavə edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır.
Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən, qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9 % artaraq 216,5 manat təşkil edəcək.
Əmək pensiyalarının orta aylıq məbləğinin 6,9 faiz artmasının təsirləri barədə danışan İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında bunları qeyd etdi: “Məlumdur ki, son illər ərzində ölkədə pensiyaların müəyyən edilməsi və hesablanması qaydaları istiqamətində çox böyük islahatlar aparılıb. Bu islahatlar social sığorta ödəniş sistemindən başlayaraq bir çox məsələləri əhatə edib və edir. Bütün bunların davamı kimi növbəti ildən əmək pensiyalarının indeksləşdirilməsi mexanizmi də dəyişikliyə uğrayacaq. Belə ki, məlum olduğu kimi, hər il pensiya məbləğləri əvvəlki ildə qeydə alınan inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılır. Ancaq bu, ümumi pensiya məbləğinin yalnız sığorta hissəsinə tədbiq olunaraq həyata keçirilirdi. 2018-ci ildən isə, yeni qaydaya əsasən, indeksləşdirmə hər bir pensiyaçının aldığı pensiya məbləğinin hamısına tətbiq ediləcək. Bu isə əmək pensiyalarının orta aylıq məbləğini artıracaq. Hesab edirəm ki, pensiyaların hesablanması, indeksləşdirilməsi və artırılması qaydaları təkmilləşdirildikcə, orta aylıq məbləğ yüksəlməkdə davam edəcək”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq: “Əməkhaqlarının indeksasiyası, ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulan bir öhdəlik deyil. Zaman-zaman əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən sərəncamlar imzalanır. Minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi öhdəliyi olsa da, əməkhaqlarının ümumi məbləğinin artırılması ilə bağlı indeksasiya tələbi qanunvericilikdə yoxdur. Qanunvericilikdə əmək pensiyalarının indeksasiyası inflyasiya dərəcəsinə görə aparılırdı. Ancaq yeni qanunda əmək pensiyalarının orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, növbəti ildə əmək pensiyaları orta hesabla 5-6 faiz artırılacaq”.
Günel CƏLİLOVA