Vüqar Bayramov: "Problem ondadır ki, həmin bankların müştərilərə borcu heç də kiçik rəqəmlərlə ölçülmür"
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsi, ləğv prosesində olan "Royal Bank" ASC-nin balansında olan qeyri-yaşayış binası, həmçinin, ləğv prosesində olan "Royal Bank" ASC-nin balansındakı avtomobil, ləğv prosesində olan "Gəncəbank" ASC-nin balansındakı qeyri-yaşayış binası, eyni zamanda ləğv prosesində olan "Atra Bank" ASC-nin balansındakı 7 ədəd bankomat hərrac yolu ilə satışa çıxarılır.
Maraqlıdır, sözügedən bankların əmlakı satıldıqdan sonra həmin bankların əmanətçilərə olan borcunu tam qaytarmaq mümkün olacaqmı? Məsələ ondadır ki, Azərbaycanda bir sıra banklar bağlanandan sonra ciddi problemlər ortaya çıxdı. Xüsusən də sığortalanmayan əmanətlərin qaytarılması məsələsində bu özünü daha qabarıq formada göstərməyə başladı. O baxımdan ekspertlərin gözləntiləri nədən ibarətdir? Sözügedən bankların əmlaklarının satışa çıxarılması müştərilərin problemlərinin həllində nə kimi rol oynayacaq? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əmlakların satışından əldə olunan gəlirlə dəyən ziyanın bir hissəsini qaytarmaq olar: "Məlum oldluğu kimi, sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır. Sığortalanmayan əmanətlər isə bankların öz resursları hesabına müştərilərə qaytarılır. Ancaq bu sahədə çox ciddi problemlər var. Problem ondadır ki, həmin bankların müştərilərə borcu heç də kiçik rəqəmlərlə ölçülmür. O baxımdan həmin bankların aktivlərinin satışa çıxarılmasından əldə edilən gəliri əmanətçilərə dəymiş ziyanın ödənilməsinə yönəltmək lazımdır. Sözsüz ki, bütün hallarda, həmin aktivlərin satışa çıxarılması dəymiş ziyanın bir hissəsinin ödənilməsinə imkan verəcək. İnanmıram ki, əmlakı satmaqla bütün borcları qaytarmaq mümkün olsun. Ancaq güman olunur ki, əmanətçilər ala bilmədikləri vəsaitin heç olmasa bir hissəsini alacaq. Sözsüz, burada önəmli olan məsələlərdən biri həm də odur ki, aktivlərin, qalan borcun məbləği nə qədərdir. Bütün bunların müqayisə edilməsinə ehtiyac var. Aktivlərin satılması sığortalanmayan əmanəti olub amma onu ala bilməyənlər üçün bir şad xəbər olacaq. Deməyim odur ki, aktivləri satmaqla əldə olunan vəsait hesabına borcun bir hissəsini qaytarmaq olar". Vidadi ORDAHALLI