Azərbaycanda vergidən yayınmanın böyük hissəsi ticarət sahəsinin payına düşür. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vergidən yayınma vergi sisteminin əsas problemlərindən biridir: "Ölkədə vergi yoxlamalarının demək olar 99 faizində vergidən yayınma faktları aşkarlanır. Bu cür hallar əsasən ticarət, tikinti sektoru, iaşə sahəsində qeydə alınır".
S.Ələkbərov bildirib ki, Vergilər Nazirliyi nağdsız hesablaşmalar zamanı ƏDV üzrə vergi dərəcəsini indiki 18 faizdən 9 faizədək azaldılmasını təklif edir.
Onun sözlərinə görə, bu, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına kömək edəcək: "Bununla belə, bu təklif hamı tərəfindən dəstəklənmir".
O, qeyd edib ki, Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır. Onun sözlərinə görə, ölkədə hələ də vergi vərdişi formalaşmayıb: "Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var".
Azərbaycanda fərdi xidmətlər göstərən şəxslər vergi ödəməyə cəlb olunacaqlar. Bunu isə Vergilər nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva deyib.
Onun sözlərinə görə, hazırda nazirlik müvafiq dəyişikliklərin vergi qanunvericiliyinə daxil edilməsi üzərində işləyir.