Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır. Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla kredit verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ali Məhkəmə Milli Məclisə Ailə Məcəlləsinə nikahın pozulması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi üçün təkliflərlə müraciət edəcək. Məlumata görə, Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. Plenumda vurğulanıb ki, nikah pozularkən birgə nikahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə nikahın pozulması hallarında alimentin məbləği düzgün müəyyənləşdirilməlidir.